Yubileyin mübarək, Tolya!
22.02.2011 - 11:18
Yubileyin mübarək, Tolya!
Sabah Azərbaycanın ən yaxşı futbolçularından olan mərhum Anatoli Banişevskinin yubileyidir. Apasport.az saytının məlumatına görə, 15 illik karyerasını bir komandada – “Neftçi”də keçirən keçmiş hücumçunun 65 yaşı tamam olur.

1946-cı ilin fevralın 23-də anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1963-73, 75-78) SSRİ çempionatında 211 oyunda 81 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc medalını qazanan Tolya həmin ildə SSRİ yığması ilə dünya çempionatında analoji uğura imza atıb. Futbolçumuz 50 oyunda 19 qol vurduğu yığma ilə 1972-ci ildə Avropanın vitse-çempionu olub.

SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. Belə ki, “Neftçi”də (1981-82) məşqçi, Mingəçevirinin “Avtomobilçi” klubunda (1984-87), Burkina Fasonun gənclər yığmasında (1987-88) və “Kəpəz”də (1988) baş məşqçi işləyib. Anatoli 2003-cü ildə Azərbaycanın son 50 il ərzində ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Banişevski 1997-ci ilin oktyabrın 21-də ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib.
0