AFFA Fariz Yusifovun səhvini düzəltdi
22.02.2011 - 13:02
AFFA Fariz Yusifovun səhvini düzəltdi
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunub.

“Simurq” – “Neftçi” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub. “Qəbələ” ilə oyunun 58-ci dəqiqəsində meydandan qovulan “Muğan”ın futbolçusu Taqim Novruzov 1 oyunluq cəzalanmaqla yanaşı, klubunu 200 manat ziyana salıb.

“Xəzər Lənkəran” – AZAL qarşılaşması cərimə sarıdan zəngin olub. Meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 61-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənublular daha 2000 manat ödəyəcək.

Oyunun 77-ci dəqiqəsində AZAL-ın müdafiəçisi Usim Nduka simulyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Ndukaya göstərilən sarı vərəqə ləğv edilib. Bir sözlə, AFFA baş hakim Fariz Yusifovun səhvini düzəldib.
0