AFFA, Braziliyaya bax!
22.02.2011 - 13:28
AFFA, Braziliyaya bax!
Braziliya Futbol Konfederasiyaları (BFK) tarixi qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, qurum 1987-ci ildə keçirilən və taleyi bu günədək qaranlıq qalan çempionluqla bağlı rəsmi qərar verib.
Məsələ ondadır ki, 24 il əvvəl Braziliya klubları ilə konfederasiya arasında münaqişə yaranıbmış. Bu üzdən 2 çempionat keçirilib. Aparıcı komandaların oynamadığı rəsmi çempionatda “Sport” (Resife) qalib adını qazanıb.

Alternativ təşkil edilən “İttifaq kuboku”nda isə “Flamenqo” qalib gəlib. Sonradan çempionların qarşılaşması planlaşdırılsa da, “qiyamçılar” bundan imtina edib. Lakin 24 il keçəndən sonra BFK “qiyamçılar”ı rəsmi çempion elan edib.

Qeyd edək ki, Azərbaycan çempionatlarında da 2 qaranlıq məsələ qalıb. AFFA-nın nə vaxtsa rəsmi qərar verməli olduğu bu məsələlərdən biri Braziliya ilə oxşardır.

2001/02 mövsümündə çempionatı yarımçıq dayandıran “qiyamçılar” öz yarışını keçirdi. Turnir dayandırılarkən, 1-ci pillədə olan “Şəmkir” “qiyamçılar” arasında da ən yaxşı oldu. Lakin hələlik nə yarımçıq turnir cədvəli, nə də alternativ yarış rəsmən tanınıb ki, bu üzdən “Şəmkir” 3 qat deyil, 2 qat çempion sayılır.

Daha bir məqam isə 1996/97 mövsümü ilə bağlıdır. Qızıl medalların “Qarabağ”a verildiyi, Çempionlar Liqasına “Neftçi”nin getdiyi mövsüm üçün hər 2 komanda çempion sayır. Lakin bu məsələdə də rəsmi qərar ə yoxdur. Lakin bir məsələ də var ki, bizimlə müqayisədə futbolu daha irəlidə olan Braziliya 24 ilə qərar veribsə, bəlkə biz də ən azı bu qədər gözləyək.