Roberto Karlos Bakıya gələsi olmadı
22.02.2011 - 14:21
Roberto Karlos Bakıya gələsi olmadı
Rusiyanın “Anji” klubu Azərbaycana yenə gələsi olmayıb. Bu barədə apasport.az saytına komandanın rəisi Akim Arzumanov məlumat verib. O bildirib ki, Bakıya səfərin baş tutmayacağı artıq dəqiqləşib:

“Biz yeni mövsümə hazırlığın son mərhələsini Bakıda keçirmək istəyirdik. Səfərimiz “Zenit”lə Rusiya kuboku uğrunda oyundan sonra, martın ilk dekadasına planlaşdırılmışdı. Hətta klublarınızdan biri ilə yoxlama oyunu keçirməyi də nəzərdə tutmuşduq. Ancaq planlarımızda dəyişiklik oldu və son hazırlığı Mahaçqalada keçirəcəyik. Martın 12-də isə Premyer Liqanın ilk turunda “Krasnodar”ı qəbul edirik” – deyə, Arzumanov vurğulayıb.

“Anji”nin gəlişinin təxirə salınmamağı ilə dünya şöhrətli futbolçu Roberto Karlosun da ölkəmizə ilk səfəri baş tutmayacaq. Braziliyalı dünya çempionu olan 38 yaşlı sol cinah müdafiəçisi Mahaçqala təmsilçisinin ən gurultulu transferidir. “Anji”də 3 həmyerlimiz – futbolçu Mahir Şükürov, məşqçi Vaqif Sadıqov və seleksiyaçı Emin Ağayevin də vətənə baş çəkməsi alınmayacaq.

Qeyd edək ki, “Anji”nin son 6 ayda 2-ci dəfə Bakıya planlaşdırılan səfəri baş tutmur. Komanda ötən ilin sentyabrın əvvəlində yığmaların rəsmi oyunları ilə əlaqədar “Bakı” ilə yoldaşlıq görüşü keçirmək üçün paytaxtımıza gəlməli idi. Ancaq “Anji”nin bəzi futbolçularının sənədləri ilə bağlı problem olduğundan səfər təxirə salındı.

Mehman SÜLEYMANOV