Azərbaycan yığmasının 2582 günlük uğurlu seriyası
22.02.2011 - 14:57
Azərbaycan yığmasının 2582 günlük uğurlu seriyası
Futzal üzrə Azərbaycan millisi uğurlu seriyaya malikdir. Apasport.az saytının məlumatına görə, yığmamız 7 ildən artıqdır Avropa çempionatının seçmə oyunlarında uduzmur. Avro-2012-nin Bakıda keçiriləcək seçmə mərhələsi ərəfəsində komandamızın bu seriyası 7 oyunla ifadə olunur.

Avro-2007 və Avro-2010-un hər birinin seçmə mərhələsində 3 matç keçirən komandamız 1-ci turnirdə 1, növbəti yarışda isə 2 qələbə qazanıb. 3 qələbə və eyni sayda heç-heçəmizin olduğu bu 2 yarışdan əvvəl Avro-2005-in son seçmə qarşılaşmasında da futzalçılarımız 3 xala seviniblər. Yalnız həmin – Gürcüstanla görüşdən əvvəlki matçda komandamız meydanı başıaşağı tərk edib.

Bu isə 2004-cü il yanvarın 28-nə təsadüf edib. Serbiya və Çernoqoriya ilə oyunda futzalçılarımız 1:2 hesabı ilə uduzmuşdular. Son məğlubiyyətdən artıq 2582 gün keçib. Seçmə mərhələnin Qazaxıstanla ilk matçına 2 gün də var.

Həm bu rəqibin, həm də Fransanın komandamızın “dişinə” görə olduğunu nəzərə alsaq, seriyanı ən azı fevralın 27-dək davam etdirmək olar. İspanlarla matçadək bu seriya 2587 gün və 9 oyun da ola bilər.
0