Fərhad Vəliyev niyə ehtiyatda qaldı?
22.02.2011 - 15:22
Fərhad Vəliyev niyə ehtiyatda qaldı?
“Əslində, “Gəncə” ilə matç öncəsi heç bir zədəm yox idi. Oyuna da ciddi hazırlaşmışdım. Sadəcə, baş məşqçi yeni transferimiz olan Boyan Pavloviçə şans verdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

Hesabat turunda ehtiyatda qalan Ağdam təmsilçisinin bir nömrəsi Gəncədəki oyunda meydana çıxmamağının sırf baş məşqçinin qərarı olduğunu vurğulayıb. Amma qolkiper əsas heyətdəki yerini itirmək haqda düşünmür, əksinə, yenidən “çərçivə”yə keçməyə hazırlaşır: “Əsas heyətdəki yerimi itirmək haqda düşünmürəm. Bu komandadaxili rəqabətdir. Baş məşqçi qapını kimə tapşırsa, o da dayanacaq. Məşqlərə ciddi yanaşıram. Bu durum ruhdan düşməyimə səbəb ola bilməz”.

Son vaxtlar yığma komandaya da dəvət edilməyən Vəliyevin klubundakı mövqeyini itirmək üzrə olması birmənalı qarşılana bilməz. Təbii ki, burda qapıçının bir qədər zəifləməsinin də rolu ola bilər. Lakin təcrübəli əlcək sahibi hər zaman özünü yaxşı tərəfdən göstərdiyinə inandığını düşünür: “Təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərmişəm. Geriləməyimlə bağlı fikirlərlə razılaşmıram. Əsas heyətdəki yerini qaytaracam. Həm də əsas olan komandanın uğurudur. İnşallah, sonda məqsədimizə nail olarıq”.