“Muğan”ı növbəti mövsümdə çalışdıracaq baş məşqçi müəyyənləşdi
23.02.2011 - 14:35
“Muğan”ı növbəti mövsümdə çalışdıracaq baş məşqçi müəyyənləşdi
“Biz birinci dövrədə də iddialı komandalara qarşı yaxşı mübarizə apardıq. Sadəcə, komanda qeyri-sabit çıxış edirdi. Xüsusilə, ikinci “altılıq”dakı komandalarla oyunlarda istədiyimiz nəticələri qazana bilmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Mövsümə Almir Hurtiçin rəhbərliyi altında başlayan “Muğan”ın qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyulsa da, komanda bunun öhdəsindən gələ bilmədi. Nəticədə Hurtiç istefaya göndərildi, baş məşqçi postuna Bəhman Həsənov təyin edildi.

Onun gəlişindən sonra “Muğan” daha uğurlu çıxış etməyə başladı. Fasilədən sonra isə Salyan təmsilçisi keçirdiyi 2 oyundan 4 xal toplamaqla, ilk “altılıq”dakı mübarizəni bir qədər də qızışdırdı.

Təsadüfi deyil ki, “Qəbələ” son oyunda Həsənovun yetirmələrinə yenildikdən sonra yeddinci pilləyə yuvarlanıb. Klub rəhbərliyi də baş məşqçi dəyişikliyinin uğurlu olduğunu düşünür: “Nəticələr baş məşqçi dəyişikliyinin faydalı olduğunu göstərir. Biz onu mövsümün sonuna qədər komandaya təyin etmişdik. Növbəti mövsümdə də komandanı Həsənov çalışdıracaq”.

Son oyunlarda özünü yaxşı tərəfdən göstərən komandanın bir neçə oyunçusu artıq digər klubların diqqət mərkəzindədir. Ancaq “Muğan” rəsmisi yayda heyətdəki futbolçuların komandada saxlanılmasında problemlə qarşılaşmayacaqlarına əmindir: “Əsas komandanın sabit oyun nümayiş etdirməsidir. Buna nail olduqdan sonra qalan məsələlər öz həllini tapacaq”.
0