“Məndən qat-qat zəif futbolçular məşqçi işləyir” - MÜSAHİBƏ
23.02.2011 - 16:22
“Məndən qat-qat zəif futbolçular məşqçi işləyir” - MÜSAHİBƏ
Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra 2 tur arxada qalsa da, adınız oyunların protokoluna daxil edilmir. Bu barədə nə deyə bilərsiniz?
- Hər şey normaldır. Sadəcə, ilk dövrə ilə müqayisədə indi futbolçularımız çoxdur. Qış fasiləsində bir neçə futbolçunun gəlişi ilə heyətimizdə artım oldu. Oynadığım orta xətdə ən az 3-4 futbolçu var. Buna görə adımın iştirak ərizəsində olmağına ehtiyac yoxdur. Bununla belə, komandanın məşqlərində iştirak edirəm.

- Komandanın əsas kapitanı mövsümün əvvəlində ehtiyatda olduğu halda, indi orada da yer almır. Bunu necə qəbul edirsiniz?
- Normal. Artıq 39 yaşım olacaq. Belə də olmalı idi. Mənim üçün elə bir problem yoxdur. Hər halda, AFFA martda B kateqoriyalı məşqçi kursları keçirəcək. Çox güman ki, mən də qatılacağam. Artıq sənədlərimi vermişəm. Futbolçu karyeramı get-gedə qurtarmaq üzrəyəm.

- Cari mövsüm bir daha meydana çıxacağınıza ümid edirsiniz?
- Vallah, hər şey ola bilər. Ümid etmək deyəndə ki, hər şey ehtiyacdan asılıdır. Əgər zərurət olarsa, təbii ki, meydana çıxmağa hazır olacağam. Məşqlərimi davam etdirirəm və hər zaman oynamağa hazıram.

- Ancaq yaş öz sözünü deyir. Hazırda çempionatımızın ən yaşlı futbolçusunuz...
- Əlbəttə ki. Məni Samir Abasovla bir yerə qoyduqda, təbii ki, indi komandaya daha çox o xeyir verə bilər.

- Samir Abasov sizdən 5 yaş kiçik olsa da, komandanın ən yaşlı futbolçularındandır...
- Onun adını misal üçün çəkdim. Samir olmasın, olsun Devran Ayhan, Namiq Yusifov, fərqi yoxdur. Sadəcə, tək Abasovu nəzərdə tutsam, belə deyə bilərəm. Burada söhbət yaşdan yox, fiziki hazırlıqdan gedir. Yaşlı deyəndə ki, Samirin 32 yaşı var, bu, elə də çox deyil. Məndə isə bu il 38 tamam oldu, 39-a keçdim. Abasovun yaşında qarşıya qoyulan hər məqsədi yerinə yetirmək olar. Ancaq mənim yaşımda 90 dəqiqə oynamaq qeyri-mümkündür. Təbii ki, 20-30 dəqiqə oynaya bilərəm. Ancaq bu, çox azdır. Hesab edirəm ki, ehtiyatda 20 dəqiqə oynayan futbolçunu saxlamaqdansa, fiziki hazırlığı normal olanı saxlamaq daha məqsədəuyğundur.

- İstənilən halda, karyeranızı bu mövsümdə bitirəcəyiniz qətidir...
- Bəli. Yenidən nəsə bir söz demək artıq olardı. Futbolçu karyeramı qurtarmaq fikrindəyəm.

- Ancaq cari mövsümdə az oynayacağınız gözlənildiyindən, karyeranı ötən yay da bitirə bilərdiniz. Ancaq bir il də qalmağa üstünlük verdiniz...
- Həmin vaxt mənə ehtiyac vardı. Oyunlara çıxırdım, haradasa köməyim də dəyirdi. Ancaq dediyim kimi, qış fasiləsində bir neçə futbolçu alındığından, mənə ehtiyac duyulmadı.

- Vida oyunu keçirmək fikriniz varmı?
- Hələ yox. Ancaq gedişim elə-belə olmayacaq. Karyeramı bitirməyimə az qalmış deyəcəyəm ki, hansısa bir oyuna çıxıb, vida edib, qurtaracağam.

- Futbolçu karyeranızdan, qazandıqlarınızdan razı qaldınızmı?
- Təbii ki, dünya miqyasından danışıb müqayisə etsək, bir az gülməli çıxar. Ancaq əlbəttə, Azərbaycan miqyasında karyeramdan razıyam. Futbolçunun ən əsas pik nöqtəsi milli komandadır. Yığmada yetərincə çıxış etmişəm və oyun sayına görə rekord hələ ki mənə aiddir.

- Karyeranızı bitirdikdən sonra “Qarabağ”da qalıb, məşqçi işləyəcəksiniz?
- İndi bu haqda dəqiq şey demək çətindir. Öncə karyeramı bitirib, ardından kursları qurtarım, sonra rəhbərliklə danışarıq. Çox güman ki, “Qarabağ”da işləyəcəyəm. Çünki başqa klubda işləməyim bir az düzgün çıxmaz.

- Futbolçu kimi mübariz olmusuz. Yəqin ki, məşqçilikdən də çəkinməzsiniz...
- Niyə çəkindirməlidir ki? Məndən qat-qat zəif futbolçular məşqçi işləyir.

- İndi belə məşqçilər var?
- Premyer Liqada olmasa belə, işləyənlər var. Hətta futbolçu karyerası olmayan, yaxud Azərbaycan çempionatında 2-3 dəfə oynayanlar var. Həmin insanlar məşqçiliyi qurtarıblarsa, niyə mən də bu sahədə çalışmayım? Düzdür, yaxşı futbolçu yaxşı məşqçi demək deyil. Özümdən qat-qat zəif insanlar məşqçi işləyə bilirlərsə, niyə mən də işləməyim? Niyə oxumayıb, məşqçilik sənətinin dərinliklərinə getməyim? Bunu öyrənəndən sonra məşqçi işləməyi öz qarşımda problem, elə bir çətinlik görmürəm. Təbii ki, hər bir işin öz çətinlikləri var.

- Gələcəkdə baş məşqçi işləmək, xaricdə təhsil alıb, yüksək kateqoriya almaq da planlarınıza daxildir?
- Belə bir deyim var ki, general olmaq istəməyən əsgər deyil. Əlbəttə, mən də qarşımda böyük məqsədlər qoymalıyam ki, buna çata, hansısa nailiyyətlər əldə edə bilim.

- Sözsüz ki, karyeranızı mükafatla bitirmək daha yaxşı olardı. “Qarabağ”la bu mövsüm nəyə ümid edirsiniz?
- Ən böyük arzularımdan biri karyeramı “Qarabağ”da mükafatla bitirməkdir. Heç olmasa, medal qazansaydım, yaxşı olardı. Məncə, bu, realdır, hətta qızıl medal da ola bilər. Hər halda, son vaxtlar uğurlu çıxış edirik. Bu mövsüm çempion da ola bilərik.

Mehman SÜLEYMANOV