Ənənə, ilk və qisas
24.02.2011 - 00:01
Ənənə, ilk və qisas
Futzal üzrə Azərbaycan milli komandası növbəti sınaq qarşısındadır. Apasport.az saytının məlumatına görə, Joze Alesio da Silvanın yetirmələri İspaniya, Qazaxıstan və Fransa ilə oyunlarda VIII Avropa çempionatına vəsiqə qazanmağa çalışacaq. Seçmə mərhələdəki bu rəqiblərin hər birinin yığmamız üçün öz özəlliyi var.

Bu gün qarşılaşacağımız Qazaxıstan yığması ilə matç bizə ənənənin davamını gətirmək baxımından əhəmiyyət kəsb edir. Belə ki, futzalçılarımız indiyədək bu rəqiblə keçirdiyi matçlarda istisnasız qalib gəlir.

2002-ci il iyulun 28-də Gürcüstanın paytaxtı Tiflisdə keçirilən beynəlxalq turnirdə komandamız rəqibin qapısını “aşsüzən”ə çevirmişdi – 14:2. 3 il əvvəl yanvarın 18-də Bakının qonağı olan qazaxıstanlıları yenə məğlub etmişdik: bu dəfə 4:3 hesabı ilə

Fransa ilə sabah baş tutacaq matç ilk kimi tarixə düşəcək. Belə ki, komandamız heç vaxt bu rəqiblə qarşılaşmayıb. Bunun da səbəbi çox sadədir. Fransada futzal indi-indi inkişafa başlayıb.

5 qat Avropa çempionları ispanlarla ayın 27-də keçiriləcək qarşılaşmanın isə bir adı var: qisas. Düzdür, Braziliya ilə yanaşı, planetin 2 ən güclüsündən biri sayılan pireneyliləri udmaq hər komandaya nəsib olmur. Lakin əvvəlki matçlardakı məğlubiyyətlərin qisasını heç-heçə ilə də almaq olar. Hər halda, bu nəticə rəqib üçün qeyri-qənaətbəxş olacaq.

İspanlarla 9 il əvvəl də qarşılaşmışıq. Həmin vaxt futzalın durumu indikindən tam fərqli idi. Əslində, bu idman növü demək olar ki, yox dərəcəsində idi. Futzalda futbolçular “at oynadırdılar”. Futbolsuzluq dövründə hamı zala axışmışdı. Elə 2002-ci ilin oktyabrında İspaniyaya yollanan heyət də əsasən futbolçular idi.

Oktyabrın 22-də Fene şəhərində yığmamız ispanlara müqavimət göstərsə də, 3:4 hesabı ilə uduzdu. Komandamızın qollarını Zaur Ramazanov, Ceyhun Sultanov və Leandro vurublar. Zaur isə ispanlara vurduğumuz ilk qolun müəllifi kimi düşüb.

Ertəsi gün komandalar Viveyro şəhərində üz-üzə gəliblər. Futzalçılarla futbolçuların sintezini təşkil edən yığmamız darmadağından qaça bilməyib – 1:6.
0