“Azərbaycan çempionu ilə oyunu unuda bilmirəm”
24.02.2011 - 11:12
“Azərbaycan çempionu ilə oyunu unuda bilmirəm”
“Penaltidən qol vurmaq? Niyə də olmasın. Penaltilərlə bağlı xoş xatirələrim qalıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Kşiştof Kotorovski deyib.

35 yaşlı qapıçı Avropa Liqasının 1/16 final mərhələsinin Portuqaliya “Braqa”sı ilə cavab oyunu ərəfəsində qarşılaşma haqda fikirlərini açıqlayıb. Kotorovski evdə 1:0 hesabı ilə məğlub etdikləri rəqiblə duelin taleyinin penaltilər seriyasında həll olunacağı halda zərbə endirməkdən çəkinmədiyini bildirib: “2-ci təsnifat mərhələsinin “İnter”lə oyununu unuda bilmirəm. Azərbaycan çempionu ilə görüşdən əla xatirələrim qalıb. Həmin vaxt vurduğum penaltinin əhəmiyyəti böyük idi. Bu səbəbdən də narahatçılığa əsas yoxdur. Biz bu mərhələni keçmək istəyirik”.

Qeyd edək ki, ötən il iyulun 21-də keçirilən cavab oyununda “İnter” 1:0 hesabı ilə qalib gəlib Bakıdakı məğlubiyyətin əvəzini çıxmışdı. Lakin penaltilər seriyasında Kotorovskinin komandası 9:8 hesabı ilə qalib gəlmişdi. Həmin vaxt Kşiştof 11-ci penaltini yerinə yetirərək “İnter”li həmkarı Georgi Lomayanı məyus edib sonra onun zərbəsini dəf etmişdi.