Peşəkarlığın “Şuşa” variantı
24.02.2011 - 12:29
Peşəkarlığın “Şuşa” variantı
Hər ölkənin futbol təsərrüfatının özünəməxsus xüsusiyyətləri var. Təbii ki, hər şeyin kökündə pul, maddiyyat dayanır. Futbol klubları buna uyğun formalaşır, fəaliyyət göstərir. Düzdü, kənardan baxanda hər şey fərqli və sadə görünə bilər. Amma azacıq araşdıranda maraqlı və mürəkkəb məqamlarla rastlaşırıq.

Peşəkarlıq qoxusu

Avropanın futbol üzrə aparıcı çempionatlarında klublar peşəkarlığı ilə fərqlənir və digərlərindən seçilirlər ki, bunun da bəlli səbəbləri var. Əvvəla, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Türkiyə, Hollandiya, Portuqaliya kimi ölkələrin əhalisi futbolla nəfəs alır. Bu qəbildən olan dövlətlərdə futbol əhalinin həyat tərzidi və klublar da işlərini buna uyğun qurmağa məcburdular.

Günümüzün futbolu avropalılar üçün olduqca gəlirli biznes sahəsidi. Təsadüfi deyil ki, məsələn, Münhen "Bavariya"sı son 17 mövsümü mənfəətlə qapamağı bacarır. Hazırkı anda gəlir götürə bilməyənlər isə işlərini gələcək üçün planlayanlardı.

Avropanın öndə gələn ölkələrində "abunə kart" anlayışı var. Məsələn, İngiltərənin ortabab klublarından olan "Everton" biletlərinin əksəriyyətini mövsüm başlamamış satır ki, bu azarkeşlər üçün də sərfəlidi. İnsanlar öncədən pulunu ödəyib, abunə olur və bilir ki, mövsüm ərzində filan sektordakı filan oturacaq ilin sonuna kimi onun ixtiyarında olacaq. Onun yerini kimsənin zəbt etməsi mümkünsüzdü. Özü də bu, təkcə premyer-liqa oyunlarına aid deyil. Yəqin ki, çoxlarınız "Arsenal" və "Çelsi"nin 18 yaşadək komandalarının "Stemford Bric"dəki qarşılaşmasını izləyən Karlo Ançelottinin başına gələnlərdən xəbərdarsız. İtaliyalı mütəxəssis köməkçisi ilə rahatca əyləşib oyunu izləyən zaman, bir qoca qadın azarkeş əlində bilet ona yaxınlaşdı ki, "dur, bura mənim yerimdi". Belə də, Ançelotti səssiz-səmirsiz yerini dəyişmək məcburiyyətində qaldı.

Avropada klublar biletlərini öncədən satır, reklam müqavilələri bağlayır və əldə etdikləri gəlirlərə uyğun transferlər edirlər. Və ya gəlirləri öncədən hesablamaqla, cəlbedici transferlər reallaşdırmaqla daha çox abunə kartı, futbolka, klubun atributlarını satırlar.

Son illər aparıcı klubların iş adamları tərəfindən satın alınması vəziyyəti azacıq dəyişib. Ona görə də top-klubların tez-tez oyun satmasına və ya bilet satışından əlavə gəlir götürmək məqsədi ilə "Mançester Siti", "Arsenal" kimi komandaların ölkə kubokunda səfərdə zəif rəqiblərlə bilərəkdən heç-heçə oynayıb, sonra təkrar oyunda rəqiblərini darmadağın etməsi ilə tez-tez rastlaşırıq. Yuxarıda qeyd etdiklərimiz Avropanın göbəyində yaşayanların iş prinsipləridi. Hər halda əksəriyyətinizin bunlardan az-çox xəbərdar olduğunu nəzərə alıb, detallara varmırıq.

Sosial klublar və onların himayədarları

Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan və bu qəbildən olan ölkələrdə isə vəziyyət bir qədər fərqlidi. Burda hər şeyin kökündə hakimiyyət və vəzifə durur. Ona görə də klubların əksəriyyəti sosial xarakterlidi. Yəni, hansısa vilayətin böyüyü əhalinin rifahını yaxşılaşdırmağa, həyat tərzini maraqlı etməyə borcludu. Futbol, basketbol, hokkey və s. klublarının, eləcə də, teatrların, əyləncə mərkəzlərinin maliyyələşdirilməsi də buna daxildi. Amma bu, o demək deyil ki, onlar pullarını havaya sovururlar. Xeyr, işlərini düzgün qurmaqla həm əhalini nəzarətdə saxlayır, həm də ən pis halda cüzi ziyan edirlər. Qısası, hərəsi öz cibinə uyğun hərəkət edir.

Məsələn, götürək Rusiya çempionatının I divizionunu. Məntiqlə bu, liqada yarışanlar elitaya çıxmaq uğrunda mübarizə aparır. Amma işin mahiyyəti heç də elə deyil. Yəqin ki, çoxlarınız yaxınlarda Rusiya futbolunda yaşananlardan xəbərdarsız. Premyer Liqada çıxış edən "Saturn" fəaliyyətini dayandırdığından sonuncu mövsümdə I divizionda 3-cü pilləni tutan "Nijniy Novqorod"a təklif etdilər ki, gəl, elitada çıxış et. Amma klub imtina etdi. Belədə Rusiya Futbol İttifaqı mövsümü 4-cü yerdə bitirən "KamAZ"-ın qapısını döydü. Lakin onlar da bu təklifə "yox" dedilər. Axırda 5-ci sırada olan "Krasnodar" "Saturn"un yerini tutmağa razılıq verdi. Bu isə o deməkdi ki, "Nijniy Novqorod", "KamAZ" kimi klublar I divizionda mübarizə aparsalar da, elitaya yüksəlmək niyyətində deyillər. Çünki bu klubarın sahibləri Premyer Liqa səviyyəsində pul xərcləmək niyyətində deyillər. Onlar sadəcə, nüfuzlarını qoruyurlar və bunun üçün klubun I divizionda çıxış etməsi yetərlidi.

Futbol bazarımızın "qızıl" prinsipləri

İndi də keçək bizim klublara. Öncədən qeyd edək ki, futbol təsərrüfatımızın bəlkə də dünyada analoqu yoxdu. Əgər Avropanın aparıcı klubları bu işlə qazanc götürmək, digərləri isə vəzifəli şəxslərin nüfuzunu qorumağa xidmət edirsə, bizdə vəziyyət fərqlidi. Düzdü, ölkəmizdə də məsələnin kökündə vəzifəli insanların, tanınmış biznesmenlərin nüfuzlarını qoruması durur. Amma bizdə nə peşəkarlıq, nə də mənfəət var.

Klublarımızın əksəriyyəti maddi dəstək verilməsi ilə bağlı verilən göstəriş sayəsində ayaqda dururlar. Əvəzində onlara müxtəlif güzəştlər edilir, hansı ki, həm bizneslərini inkişaf etdirirlər, həm də bu güzəşt sayəsində əldə etdikləri gəlirin kiçik hissəsi ilə klub saxlayırlar. Ona görə də futbol klublarına qazanc mənbəyi kimi yox, başqa gözlə baxırlar.

Şuşanın adını biabır etməyə dəyərdimi?

Əslində, yazını qələmə almağımız "Şuşa" futbol klubunun dağılması ilə bağlı xəbərlərdən qaynaqlanır ki, bu da bizim üçün yenilik deyil. Yəni, bunu gözləyirdik. Hələ Türkiyənin "Football Sportive Consult" şirkəti komandanı himayəsinə götürən zaman qeyd etmişdik ki, bu "sevda" uzun sürməyəcək. Çünki futbolçu menecerliyi ilə məşğul olan şirkətin sahibi Mehmet Kayrım ölkə mətbuatına müsahibəsində daha çox menecerlik fəaliyyəti ilə bağlı gördüyü işlərdən danışmışdı. Şirkət bu yolla özünü ölkəmizdə reklam etmək niyyətində idi. Düşünürdülər ki, bundan sonra "Xəzər-Lənkəran", "Bakı", "Neftçi" və digər aparıcı klublarımız onların xidmətindən yararlanacaq. Amma təbii ki, belə olmadı və ola da bilməzdi. Çünki bizim klubların idarəçiliyində yer alan insanların əksəriyyətinin futboldan başı çıxmasa da, pul qazanmaqda, gəlir götürməkdə Mehmet Kayrım və onun kimi yüzlərlə türkiyəli menecerə dərs keçərlər.

Menecerliklə məşğul olan bir şirkətin "Şuşa"ya uzun müddət dayaq olacağı əvvəlcədən inandırıcı görünmürdü. Türk şirkəti komandanı himayəsinə götürdükdən sonra başda baş məşqçi dəyişilməklə yanaşı, əksər futbolçular yola salınmış, əvəzində yeniləri gətirilmişdi. Əsas çalışdırıcı postu türkiyəli Mətin Dəmirkırana təhvil verilmişdi və qardaş ölkədən futbolçular da cəlb olunmuşdu. Ancaq komanda indi ciddi maddi problemlə üzləşib. Məsələ burasındadı ki, türk şirkəti hazırda komandaya sponsorluq etmək iqtidarında olmadığını göstərib. Daha doğrusu, planlarının baş tutmadığını anlayıblar. Vəziyyət o yerə çatıb ki, I divizionun son turunda "Şuşa"nın Mingəçevirdə "Energetik"lə səfər oyununun xərclərini AFFA çəkib.

Açığı, başverənlərə görə birbaşa türkləri qınamaq da olmur. Çünki bu, biznesdi və hərə öz mənfəətini güdür. Əgər xatırlayırsızsa, Sumqayıtı təmsil edən "Gənclərbirliyi" elitanı tərk etdiyi mövsümdə türkiyəli iş adamlarının maraq dairəsinə düşmüşdü. Lakin onlar Sumqayıt icra hakimiyyətinin nümayəndələri ilə görüşdükdən sonra anladılar ki, burda onlara "yem" yoxdu. Ona görə də komandaya yaxın durmadılar. İndi də "Football Sportive Consult" şirkəti bazarın qaydalarını gec də olsa, öyrənib, yaxalarını kənara çəkirlər.

Bir işin qulpundan yapışanda gərək hər şeyi ölçüb-biçəsən. Futbol klubunu yaratmaq su içmək qədər asan bir şeydi. Önəmli olan sponsor tapmaq, klubun strukturunu, komanda formalaşdırmaqdı. Ona görə də "Şuşa"nı çarnaçar döyüşə atanlar indi gülünc vəziyyətindədilər. Ən pisi isə odu ki, bəzi işbazlar bununla "Şuşa" kimi bir şəhərin adını biabır etdilər.

ŞAMO, “Ekspressfutbol” qəzeti