Qiymətli derbi: “Bakı”nın üstünlüyü, AZAL-ın həsrətlə gözlədiyi qələbə
24.02.2011 - 13:14
Qiymətli derbi: “Bakı”nın üstünlüyü, AZAL-ın həsrətlə gözlədiyi qələbə
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin son turunda Bakı derbisinin əhəmiyyəti böyük olacaq. Apasport.az saytının məlumatına görə, AZAL-la “Bakı”nın görüşü “altılığ”a son vəsiqənin sahibinə aydınlıq gətirəcək. Hazırda 6-cı pillədə olan “zolaqlılar”a istəyinə çatmaq üçün uduzmamaq yetərlidir və bu zaman “Qəbələ” istənilən halda, qərarlaşdığı 7-ci yerdə qalacaq.

Turnir cədvəlində qonşu olan paytaxt təmsilçiləri tarixlərində 14-cü dəfə görüşəcək. Bu oyunlarda “Bakı”nın üstünlüyü diqqət çəkir. Belə ki, “zolaqlılar” ölkə kubokunu da nəzərə alsaq, 6, “təyyarəçilər” 4 dəfə qalib gəlib. Qalan 3 oyun bərabərliklə nəticələnib və özü də hamısı qolsuz olub. Topların fərqi 14-10 “Bakı”nın xeyrinədir. AZAL əvvəl “Olimpik” və “Olimpik-Şüvəlan” adlandığından, həmşəhərliləri ilə bu adla da görüşüb.

2005-ci ildən milli çempionatımızda çıxış edən, uzun müddət “Olimpik” adlanan komanda xeyli vaxt “Bakı”ya qalib gələ bilmirdi. Bu, yalnız 7-ci görüşdə mümkün oldu və özü də böyük hesablı qələbə ilə reallaşdı. Həmin 0:3 hesablı nəticə “Bakı”nın və milli komandamızın baş məşqçisi olmuş, cari mövsümdən isə “Simurq”u çalışdıran makedoniyalı Qyoko Hacıyevskinin ölkəmizdə ilk məğlubiyyəti kimi tarixə düşdü.

Azərbaycan futbolunda “Fair Play” qaydalarına əməl edilmədiyi xoşagəlməz olay da bu derbidə qeydə alındı. Söhbət artıq AZAL-ın sıralarında olmayan Mahir Şükürovla braziliyalı Junivan Suaresin təşkil etdikləri qoldan gedir. Həmin 1:2 hesablı məğlubiyyətdən sonra Hacıyevskinin komandası liderliyini itirsə də, sonda qaytararaq, “Bakı”nın 2-ci çempionluğunu gerçəkləşdirdi.

Qeyd edək ki, “Bakı” cari çempionatın debütündə gözlənilmədən uduzduğu (2:3) AZAL-dan bu məğlubiyyətin əvəzini lazımı hesabla çıxarsa, 5-ci pilləni onun əlindən alacaq.

AZAL və “Bakı” klubları arasında keçirilən oyunlar

2005/06 mövsümü
“Olimpik” – “Bakı” – 0:1
“Bakı” – “Olimpik” – 2:0

Azərbaycan kuboku, 1/8 final mərhələsi
“Olimpik” – “Bakı” – 0:0
“Bakı” – “Olimpik” – 3:0

2006/07 mövsümü
“Bakı” – “Olimpik” – 1:0
“Olimpik” – “Bakı” – 0:0

2007/08 mövsümü
“Olimpik” – “Bakı” – 3:0
“Bakı” – “Olimpik” – 0:1

2008/09 mövsümü
“Bakı” – “Olimpik” – 3:1
“Olimpik” – “Bakı” – 2:1

2009/10 mövsümü
“Olimpik-Şüvəlan” – “Bakı” – 0:1
“Bakı” – “Olimpik-Şüvəlan” – 0:0

2010/11 mövsümü
“Bakı” – AZAL – 2:3