Pavel Doroşev: Mən 16 yaşımdan möcüzəyə inanmıram - MÜSAHİBƏ
24.02.2011 - 15:06
Pavel Doroşev: Mən 16 yaşımdan möcüzəyə inanmıram - MÜSAHİBƏ
“Qəbələ” klubunun latviyalı qapıçısı Pavel Doroşevin apasport.az saytına müsahibəsi

- Komandanız qış fasiləsindən sonra uğursuzluğa düçar olub. Keçirdiyiniz hər iki oyundakı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Şəxsi fikrim belədir ki, heyətimizdəki dəyişiklər öz sözünü dedi. Yeni ilə qədər komandamız daha yaxşı idi. Ancaq qış fasiləsində heyətimiz 50 faiz dəyişidi.

- 50 faiz deyəndə ki, cəmi 2-3 futbolçu transfer edilib.
- Ancaq bunlar həlledici mövqelər idi. Yeni futbolçularımız hələ başa düşməyiblər ki, hara gəliblər, onlardan nə tələb olunur, komandanın prinsipləri nədir. Nəticədə meydanda bir-birimizlə yaxşı anlaşa bilmərik. Bunlar isə uğursuzluğumuzda böyük rol oynadı. İndi bizdə heç nə alınmır. Belə bir deyim var ki, qalib heyəti dəyişməzlər. Ancaq bizdə dəyişiklər oldu və bunun faydasını görmədik. Fikir vermizinizsə, bu il qol da vura bilməmişik. Bu, pis göstəricidir.

- Amma komandanız son 3 oyunda qol buraxır. Halbuki, siz uzun müddət qapınızı toxunulmaz saxlamaqla, uğurlu “quru seriya” ilə rekordçu oldunuz...
- Təbii ki, hər bir qapıçı meydana ilk növbədə qol buraxmamaq üçün çıxır. Ancaq onu da başa düşmək lazımdır ki, bu, həmişə alınmır. Həmişə qol buraxmaya bilməzsən, bəxtə bel bağlaya bilməzsən ki? Yenə deyirəm ki, mənim üçün əsas komandanın uğurudur.

- “Qarabağ” və “Muğan”a məğlubiyyətlər “altılıq” uğrunda mübarizədə işinizi çox çətinə saldı. Nəticədə “Bakı” 6-cı pilləni əlinizdən aldı, siz isə 7-ci yerə düşdünüz. “Altılıq” oyunlarının iştirakçısı olanda daha çox diqqət mərkəzində olursan...
- Məni ən məyus edən də vəziyyətin bu həddə çatmasıdır. Hər şey öz əlimizdə idi. Son 2 oyunu ud, nəticə, nüfuz qazan və “altılığ”a düş də. Ancaq bunun əvəzində uduzaraq, işimizi çətinə saldıq. Nəticədə taleyimiz öz əlimizdə deyil. Mən buna görə çox üzülürəm.

- “Altılığ”a düşməyəcəyinizlə artıq barışmısınız?
- 90 faiz “altılığ”a düşməyəcəyik. Çünki vəziyyətimiz çox çətindir.

- AZAL “Bakı”nı, siz də “Gəncə”ni udsanız, “altılığ”a düşəcəksiniz. AZAL-ın qələbəsini real saymırsınız?
- Yox. Mən “Bakı”nın AZAL-a uduzacağına inanmıram. Fərz edək ki, “Bakı” heç-heçə oynadı, biz də “Gəncə”yə qalib gəldik. Ancaq xallarımız bərabərləşsə də, kənarda qalan biz oluruq. Çünki şəxsi oyunlarda “Bakı”ya hər 2 dövrədə uduzmuşuq. Göründüyü kimi, “Bakı”nın heç-heçəsi də işimizə yaramır. Bir sözlə, mən möcüzəyə inanmıram, özü də 16 yaşımdan.

- Niyə?
- Bunu sözgəlişi dedim də. Düzdür, sona kimi ümidimiz qalacaq. Ancaq möcüzə mənim üçün inandırıcı deyil.

- Onu da nəzərə alaq ki, “Bakı”nı çox yaxşı tanıdığınız məşqçi, həmyerliniz Aleksandr Starkov çalışdırır...
- Bax, bu, çox vacib amildir. Yenə əvvəlki baş məşqçiləri – almaniyalı Vinfred Şafer olsaydı... Ancaq “Bakı”nın Starkovla uğursuzluğuna, həlledici oyunda büdrəyəcəyinə inanmıram. O, çox ağıllı, güclü məşqçidir. Starkov belə vacib oyunlarda “bərkiyib”. Tarixə nəzərə salmaq yetərlidir. O, bundan da mühüm sınaqlardan üzə çıxıb. Xatırlayırsınızsa, 2004-cü ildə Latviya yığması Avropa çempionatının final mərhələsinə çıxdı. Onda pley-offda rəqibləri Türkiyə kimi güclü yığma idi. O, həmin vaxt dünya çempionatının bürünc medalçı, dünya nəhənglərindən, Latviya isə adi komanda idi. Ancaq sonda final mərhələsinə türklər yox, biz çıxdıq. Bunda da Starkovun mütəxəssis kimi təcrübəsi böyük rol oynadı. Onun vacib oyunlarda təcrübəsi artıb. Bir sözlə, “Bakı”nın “altılığ”a düşmək şansı bizdən xeyli çoxdur. Razıyam ki, rəqib bu gözəl şansı əldən verməyəcək.

Mehman SÜLEYMANOV