Rəşad Sadıqov: Onların necə hücum edəcəyini göz önünə gətiririk
24.02.2011 - 16:42
Rəşad Sadıqov: Onların necə hücum edəcəyini göz önünə gətiririk
“Turan”la oyuna ciddi hazırlaşırıq. Fikrimcə, çətin qarşılaşma olacaq. Məşqçilər də bizi psixoloji cəhətdən oyuna hazırlayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.

Premyer Liqanın əsas mərhələsinin sonuncu turunda “Turan”la qarşılaşacaq “Qarabağ” matçın hazırlığını Suraxanı qəsəbəsindəki stadionda davam etdirir. Fasilədən sonra keçirdiyi hər iki görüşdə qələbə qazanan və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan Ağdam təmsilçisi əsas mərhələnin sonuncu oyununda da 3 xal qazanmaq niyyətindədir. Rəqibi dəyərləndirərkən, təcrübəli futbolçu Naci Şensoy amilini unutmamağı qeyd edib: “Naci Şensoy amilini unutmaq olmaz. Komandanı necə hazırlayacağını, müdafiə olunacağını, hücum edəcəyini göz önünə gətiririk”.

Cari mövsümdə Qurban Qurbanovun yetirmələri artıq bir dəfə “Turan”dan zərbə alıb. Belə ki, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində qərb təmsilçisi ağdamlıları mübarizədən kənarlaşdırıb: “Bunların hamısını bilirik. Vaxtı ilə mən də “Turan”da çıxış etmişəm. Bu komanda güclü rəqiblərdən nə çəkinən deyil. “Bakı”ya qarşı necə mübarizə apardıqlarını bilirik. Rəqibi düzgün analiz edib, oyuna düzgün hazırlaşmalıyıq”.