Ramil Əliyevin vədi: Tam başqa MOİK görəcəksiniz
25.02.2011 - 19:20
Ramil Əliyevin vədi: Tam başqa MOİK görəcəksiniz
"Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Autsayder komandalarla oyuna köklənmək həmişə çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunun MOİK-lə oyunu haqda fikirlərini açıqlayıb: “Heyətə düşə bilməyən futbolçulara şans verdik. Bu Premyer Liqada ən zəif oyunlarımızdan biri idi. 3 xalı qazandıq, qalib gəldik. Premyer Liqanın təsnifat mərhələsini ilk pillədə başa vurduq. Komandanın rəhbərliyini və azarkeşləri təbrik edirəm".

MOİK klubunun baş məşqçisi Ramil Əliyev isə iddialı açıqlaması ilə fərqlənib. O, veteran futbolçu Xaqani Məmmədovla bağlı ümidlərini gizlətməyib: "Premyer Liqanın liderinə qarşı mübarizə aparırdıq. "Neftçi" komandasının əsas heyətinin bir neçə futbolçusu oynamırdı. Fikrimcə, bu gün ən yaxşı oyunlarımızdan birini göstərdik. Hesab 1:0 olarkən qol imkanından istifadə edə bilmədik. Xaqani Məmmədov zədəsini sağaldıb heyətə qoşulandan sonra tam başqa MOİK görəcəksiniz. Komandamdan razı qaldım, dəyişikliklər bəhrəsini verdi".