Mirça Rednik “Xəzər Lənkəran”ın tarixinə düşdü
28.02.2011 - 09:50
Mirça Rednik “Xəzər Lənkəran”ın tarixinə düşdü
Mirça Rednik ötən ilin iyulundan baş məşqçisi olduğu “Xəzər Lənkəran” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı rumıniyalı mütəxəssis cənub təmsilçisinin 7 illik tarixində “İnter”i səfərdə milli çempionatda ilk məğlub edən mütəxəssis olub.

“Xəzər Lənkəran”ı indiyədək çalışdıranlardan heç biri buna nail olmamışdı. Ancaq Rednik ilk səfər görüşündəcə bu tilsimi qırdı. Premyer Liqamızın təsnifat mərhələsinin son turunda fevralın 27-də “Şəfa” stadionunda keçirilən oyun lənkəranlıların 3:1 hesablı qələbəsi ilə nəticələnib. Rednik “İnter”lə ilk dövrədə evdəki oyunda yalnız 1 xal qazana bilmişdi – 0:0.

Qeyd edək ki, “Xəzər Lənkəran”ı “İnter”i bunadək səfərdə yalnız ölkə kubokunda yenə bilmişdi. Bu, 2006/07 mövsümünün sonuna yaxın, komandanı Ağasəlim Mircavadov çalışdıranda olmuşdu.

Həmin vaxt “Şəfa” stadionundakı yarımfinal görüşü Lənkəran təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Cavab görüşündə də eyni hesabla qalib gələn Mircavadovun komandası finala adlamışdı. Həlledici oyunda İmişlinin “MKT-Araz” klubunu da 1:0 hesabı ilə yenən “Xəzər Lənkəran” tarixində ilk dəfə ölkə kubokunu qazanmış, həmin mövsümü “qızıl dubl”la bitirmişdi.

Mehman SÜLEYMANOV