Yığmamız 1615 gündən sonra və ya Joze Alesionun “siftə”si
28.02.2011 - 12:28
Yığmamız 1615 gündən sonra və ya Joze Alesionun “siftə”si
Avropa çempionatının seçmə mərhələsi Azərbaycan futzal yığması üçün uğursuz başa çatıb. Apasport.az saytının məlumatına görə, final mərhələsinə vəsiqəni təmin etdikdən sonra İspaniya qarşısında aciz qalan millimiz darmadağınla üzləşib. 3:8 hesablı məğlubiyyətə üzülən komandamız uzun fasilədən sonra böyük hesabla uduzub.

Məsələ ondadır ki, futzalda böyük hesab oyun 5 top fərqi ilə bitdikdən qeydə alınır. Yığmamız isə çoxdan belə ağır yenilgi almırdı. Millimiz son böyük hesablı məğlubiyyəti 2006-cı il sentyabrın 26-da almışdı. Həmin vaxt yığmamız Portuqaliyadan başıaşağı qayıtmışdı – 1:8. Elman Ələkbərovun rəhbərliyi altında darmadağın olan millinin üzvlərindən 4-ü bu dəfə də eyni aqibətlə üzləşdi.

1615 gündən sonra yenə darmadağın görənlər Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov və Marat Salyanskidir. Braziliyalı baş məşqçimiz Joze Alesio da Silva üçün isə bu ilk böyük hesablı məğlubiyyətdir.