“Neftçi” üçün kabus
01.03.2011 - 10:33
“Neftçi” üçün kabus
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına sabah start veriləcək. Apasport.az saytının məlumatına görə, mərhələnin bəzəyi prinsipial rəqiblər “Neftçi” və “Xəzər Lənkəran”ın dueli olacaq. Bu, komandalar arasında ilk kubok görüşüdür.

Lakin rəqiblər Premyer Liqada 17 dəfə görüşüblər. Düzdür, bu matçlarda “Neftçi”nin cüzi üstünlüyü var. Lakin bakılılar martın 3-dəki qarşılaşmaya Kamran Ağayev xofu ilə çıxacaq. Məsələ ondadır ki, yığmamızın qapıçısı “ağ-qaralar” üçün kabusa çevrilib.

Belə ki, 18-ci qarşılaşma ərəfəsində “Neftçi” üçün ən böyük problem Ağayevin qoruduğu qapıya qol vurmaqdır. Rəqiblərin son 6 qarşılaşmasına nəzər saldıqda, paytaxt təmsilçisinin ardıcıl 6 oyundur qol həsrəti yaşadığını görmək olar. Ötən mövsümün 4 oyununda, həmçinin cari mövsümün 2 çempionat matçında Kamran “Neftçi” üçün keçilməz olub.

“Neftçi” əyalət təmsilçisinin qapısına sonuncu qolunu 2009-cu il aprelin 12-də vurub. Əli Cansunun 90+1-ci dəqiqədə vurduğu qoldan sonra 540 dəqiqəlik quru seriyaya malik “Xəzər Lənkəran”ın bakılılardan qol buraxmadğı günlərin sayı martın 3-də 690-a çatacaq. Həmin qolu da Kamranın deyil, Dmitri Kramarenkonun buraxdığını nəzərə alsaq bu rəqiblə matçlarda Ağayevin seriyası daha uzağa gedib çıxır.

“Neftçi” Kamranın qapısına sonuncu qolu 2007-ci il noyabrın 10-da vurub. Həmin matçın ilk dəqiqəsində fərqlənən Georgi Adamiyanın qolundan sonra o rəqib üçün tilsimlənib. Bu tilsim 629 dəqiqə və ya 1209 gündür.

Kamran Ağayevli “Xəzər Lənkəran” “Neftçi”yə qarşı

10.11.2007 “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
08.11.2009 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
17.02.2010 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
27.03.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 0:0
01.05.2010 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0
25.09.2010 “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
13.02.2011 “Neftçi” – “Xəzər Lənkəran” – 0:0