Azərbaycan yığmasının daha bir futbolçusu “Anji”yə keçdi
01.03.2011 - 10:49
Azərbaycan yığmasının daha bir futbolçusu “Anji”yə keçdi
Azərbaycan yığmasının sabiq futbolçusu Şamil Lahiyalovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu 4 illik fasilədən sonra Mahaçqalanın “Anji” klubuna qayıdıb.

Rusiya Premyer Liqasının debütantı olan “Krasnodar”la müqaviləni pozan Lahiyalov yenidən “Anji”nin uğuru üçün çalışacaq. Bu, Mahaçqala təmsilçisinin ona görə müəyyən məbləğdə kompensasiya ödəməsindən sonra reallaşıb.

Şamil “Anji”yə dönüşünün səbəbini rəhbərlikdə baş verən dəyişiklə izah edib: “Hələ “Terek”dən gedəndən sonra “Anji”yə qayıtmaq variantım vardı. Ancaq açığı, klubun əvvəlki rəhbərliyi ilə işləməyi elə də istəmirdim. Ancaq hər şey dəyişəndən və mənə Budun Budunovla Hacı Hacıyev zəng edəndən sonra tərəddüd etmədən razılıq verdim. Mənə izah etdilər ki, Mahaçqalada yeni komanda yaradılır və o, yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Qeyd edək ki, Lahiyalov “Anji”də millimizin futbolçusu Mahir Şükürovla çiyin-çiyinə oynayacaq. Hacı Hacıyevin köməkçilərindən biri millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovdur. Şamil futbolçu karyerası bitirdikdən sonra “Anji”yə seleksiyaçı kimi qayıdan Emin Ağayevlə elə bu komandada birgə oynayıb.