“Azərbaycan millisi haqda çoxlu yaxşı sözlər demək olar”
01.03.2011 - 11:26
“Azərbaycan millisi haqda çoxlu yaxşı sözlər demək olar”
“Bilirdik ki, Azərbaycan yığması ilə oyun çətin olacaq. Rəqibin meydanında oynamaq, dolu tribunalar qarşısına çıxmaq çətin idi. Bu komanda haqda çoxlu yaxşı sözlər demək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya milli komandasının üzvü Xordi Torras deyib.

2002-ci ildən yığmanın şərəfini qoruyan Torras üçün Avropa çempionatının seçmə mərhələsinin Bakıdakı oyunları unudulmaz hadisə ilə əlamətdar olub. Belə ki, futzalçı millimizlə matçda yığmada 100-cü yubiley görüşünü keçirib və qol sevinci yaşayıb: “Belə oyunlarda rəqibini daha yaxşı tanıyan qalib gəlir. Biz də onların bütün keyfiyyətlərini bilirdik. Düzdür, ilk yarıda biz 2 qol vurandan sonra onlar hələ də müqavimət göstərirdi. Lakin fasilədən sonra hər şey aydın oldu. Azərbaycan yığmasının 6 oyunçusu üçün çox çətin idi. Hiss olunurdu ki, fiziki cəhətdən yorğunluq sözünü deyir”.

Torras yığmamızdakı braziliyalıların əməyinə də toxunub: “Azərbaycanda idman yavaş-yavaş inkişaf edir. Braziliyalılar öz gəlişləri ilə buna töhfələrini verirlər. Avropada 4-cü olmaları da bunu göstərir. Arenanın dolu olması da bu idman növünə maraqdan xəbər verir. Lakin biz də braziliyalıların qabiliyyətinə bələdik. Bu da işimizə yaradı”.