“Qarabağ”ın futbolçusu hakimi döydü, “Xəzər Lənkəran” cəzalandı
01.03.2011 - 13:13
“Qarabağ”ın futbolçusu hakimi döydü, “Xəzər Lənkəran” cəzalandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda həftəsonu baş tutan qarşılaşmalarda yaşananlar müzakirə olunub.

Premyer Liqanın XXII turunun AZAL – “Bakı” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qəbələ” – “Gəncə” matçının 41-ci dəqiqəsində meydandan qovulan Ramal Hüseynov isə qonaqları ziyana salıb. Futbolçu 1 oyunluq cəzalanmaqla yanaşı, klubu 200 manat cərimə ödəyəcək.

Ən xoşagəlməz hadisələr isə “Şəfa” stadionunda yaşanıb. Bu, “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasında qonaqlar cəzalanmasına səbəb olub. 61-ci dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ziyana düşüb. Oyun zamanı qonaq azarkeşlərin yerləşdikləri sektorda 15 oturacaq sındırdığından cənub təmsilçisi dəymiş zərərə uyğun olaraq “İnter”in təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Bundan başqa, oyunun 81-ci dəqiqəsində lənkəranlıların məşqçisi Mihai Teja texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq kənarlaşdırılıb və klubunu 1000 manat xərcə salıb.

Ən qeyri-adi hadisə isə Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Turan” matçında yaşanıb. 90+2-ci dəqiqədə “Qarabağ”ın meydandan qovulan futbolçusu İsrafil Qarayev az keçməmiş geri qayıdıb. Hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan oyunçu matç başa çatdıqdan sonra meydançaya daxil olaraq hakimə fiziki təsir göstərib. Bu səbəbdən də futbolçu 10 oyunluq cəzalanıb və “Qarabağ” 5000 manat cərimə olunub.