“Azərbaycanda qurbağa yemək imkanım yoxdur” - FOTO
01.03.2011 - 15:51
“Azərbaycanda qurbağa yemək imkanım yoxdur” - FOTO
“Azərbaycan çempionatında çoxlu legionerlər var. Çoxu yaxşı səviyyədə olan bu əcnəbiləri şərait cəlb edir. Bu, Fransada olduğu kimidir. Misal üçün, “Bakı”nın bazası yenidir və Avropanın bütün standartlarına cavab verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun fransalı futbolçusu Stefan Borbikoni deyib.

Cari mövsümdən ölkəmizdən oynayan, səviyyəsi və müdafiəçi kimi məhsuldarlığı ilə seçilən legioner öz ölkəsinin mətbuatına müsahibəsində klubu, futbolumuz, çempionatımız haqda məlumat verib: “İndi Latviyadan yeni baş məşqçimiz var ki, o, Vinfred Şaferi əvəzlədi. “Bakı” Azərbaycanda 2 dəfə çempion olan klublardandır. Ev oyunlarımızı milli komanda oynayan stadionda keçiririk. 30 minlik arenaya maksimum 4 min adam gəlir. Elə təəssürat yaranır ki, stadion boşdur. Əvəzində bizə qarşı 15 min azarkeşlik etdiyi səfər oyunumuz var. İmkanlı insanlardan olan prezidentimiz həmişə oyunlarımıza gəlir. Onun qardaşı klub işlərinə rəhbərlik edir. Hər ikisi futbolu yaxşı bilirlər. Bir dəfə olsun məvacibimi gecikdirməyiblər. Şəxsən mən pulu bank hesabımla alıram”.

Stefan Azərbaycana gedişini qətiyyən cəza saymır: “Bu liqada ilk fransalı legioner olduğumdan, pioner kimiyəm. Bəli, ev üçün darıxıram. Burada təkəm. Oğlumun artıq 6 yaşı var, məktəbə gedir. Əlbəttə, ilk vaxtlar mühiti dəyişmək asan deyildi. Ancaq mən bundan qorxmurdum. Axı Türkiyədə 3 illik təcrübəm var. Yerli insanlarla danışanda görərsiniz ki, həyat hər yerdə, o cümlədən Bakıda eynidir”.

Müqavilə ilə yetirməsi olduğu Fransanın “Mets” klubuna məxsus olan Borbikoni icarə əsasında oynayır. Müdafiəçi icarə müqaviləsi bitəndən sonra da “Bakı”da qalmasını istisna etmir: “5 qol vurmuşam və hər dəfə oynayıram. Təcrübəm maraq doğurur. Əgər “Mets” cari mövsümün sonunda məni istəsə, qayıtmağa hazıram. Ümid edirəm ki, klub 2-ci liqada qalacaq. Əgər belə olmasa, niyə də Azərbaycanda qalmayım? Axı burada xaricdə oynamaq təcrübəsi yığıram”.

Stefan Bakını da təsvir edib: “Dənizin yanında qərarlaşıb, 3 milyona yaxın əhalisi var, daimi tikintilər gedir. Şəhər rəhbərləri hər şeyi tikib, qurtarmaq istəyir. Şüşədən mehmanxana, iri şirkətlərin binalarını görmüşəm. Köhnə şəhərin arxitekturası möhtəşəmdir. Bakıda çoxlu köhnə, dar küçələr var. Onlar gözəl və çox təmizdir. Hər yerdə daş zənbillər, dəmir eyvanlar var. Şəhərin digər hissəsi isə müasirdir. Mənədək burada olan söhbətləşdiyim çoxlu əcnəbilər binaların sürətlə artdığını demişdilər. Şəhərin mərkəzində, səfirliklər olan rayonda yaşayıram. Bu, dənizdən 100 metr aralıdadır. Orada neft-qaz sektorunda çalışan çoxlu ingilisləri görürəm”.

3 il Türkiyənin “Manisaspor” klublarında oynamış Borbikoni ölkəmizdəki insanların həyat tərzinə və yemək məsələsinə də toxunub: “Azərbaycanda çoxlu müsəlmanlar və xristianlar yaşayır. Bağlı geyinən qadınlar azdır. Yadımdadır, Manisada insanlar ibadətə gedirdilər. Burada isə bəzi mənada həyat tərzi daha çox Qərbdəki kimidir: gecə klubları, barlar... Azərbaycanda qurbağa yemək imkanım yoxdur. Bakıda Türkiyə, Rusiya mətbəxi, habelə çoxlu İtaliya restoranları var. Mən stadionun yanında yeməyi üstünlük verirəm ki, bu, sadə və tezdir”.