Cennaro Qattuzo Mahir Şükürovun yanına gəldi
01.03.2011 - 17:49
Cennaro Qattuzo Mahir Şükürovun yanına gəldi
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov daha bir dünya çempionu ilə komanda yoldaşı olur. Apasport.az saytının məlumatına görə, “Milan”ın 33 yaşlı kapitanı Cennaro Qattuzonun “Anji” ilə müqavilə imzaladığı bildirilir.

Klubun milyarder sahibi Süleyman Kərimov braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun keçidi ilə işini bitmiş saymayaraq, 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olan təcrübəli yarımmüdafiəçiyə dəvət göndərib. Düzdür, italyan həmkarlarımızın sözlərinə görə, Qattuzonun transferi hələ açıqlanmasa da, ona illik 10 milyon avro məvacib təklif olunub. Bu cəlbedici təklifdən imtina edə bilməyən Cennaro rusların onun dalınca göndərdiyi təyyarə ilə Mahaçqalaya gəlib. Orada bir gecə keçirən futbolçu gizlicə anlaşaraq, dərhal geri dönüb.

Qattuzonun “Milan”la 2012-ci ilə kimi müqaviləsi olsa da, klub heyətində 300-dən çox oyun keçirən futbolçusunu xidmətində daha maraqlı olmadığından, buraxmaqda problem görmür. Milanlılar Cennaronun Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin “Tottenhem” klubu ilə ev oyununda rəqib məşqçinin vuraraq, UEFA-nın 4 oyunluq cəzasını almasından sonra 2-3 milyon avroluq rəmzi məbləğə satmağa hazırdır. Avropadan fərqli Rusiyada “transfer pəncərəsi” açıq olduğundan, “Anji”nin növbəti gurultulu transferini rəsmiləşdirməyə vaxtı var.

Qeyd edək ki, Qattuzo 2002-ci ilin sentyabrında İtaliya yığmasının heyətində milli komandamıza Bakıda 2:0 hesabı ilə qalib gəldiyi rəsmi oyunda iştirak edib. Maraqlıdır ki, həmin vaxt yığmamızı çalışdıran Vaqif Sadıqov indi “Anji”də məşqçi, meydanda rəqibi olmuş Emin Ağayev isə seleksiyaçısıdır.