“İlk “altılığ”a vəsiqə qazansaq da, ümidimizi kuboka bağlamışıq”
02.03.2011 - 14:25
“İlk “altılığ”a vəsiqə qazansaq da, ümidimizi kuboka bağlamışıq”
“Komandamız artıq Qəbələdədir. Oyuna burda hazırlaşırıq. Rəqiblə 2 dəfə qarşılaşacağımıza baxmayaraq, ilk matçdan da qələbə ilə ayrılmaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Mövsümə heç də yaxşı başlamayan və ilk “altılığ”a son anda vəsiqə qazanan paytaxt təmsilçisi üçün avrokuboklara ən asan yol ölkə kubokudur. Mahmud da 1/4 finalın “Qəbələ” ilə oyunu ərəfəsində bu yarışdakı iddialarını açıqlayıb: “Düzdür, ilk “altılığ”a vəsiqə qazansaq da, ümidimizi kuboka bağlamışıq”.

Komandada psixoloji hazırlığın daha yaxşı olduğunu deyən yarımmüdafiəçi futbolçuların təzyiq altında olmadığını qeyd edib: “Psixoloji hazırlıq indi yaxşıdır. İlk “altılığ”a düşdüyümüzdən, psixoloji gərginlikdən azad olmuşuq. Artıq meydana rahat çıxa bilərik”.

Rəqib haqda danışarkən Qurbanov “Qəbələ”nin psixoloji baxımdan axsaya biləcəyini və bundan maksimum yararlanmağa çalışacaqlarını vurğulayıb: “Qəbələ” öz meydanında oynayır. Onlarda psixoloji durumun yaxşı olmadığını düşünürəm və bundan maksimum faydalanmalıyıq. Heyətlərinə yaxşı futbolçuları var. Ağır oyun olacağını deyə bilərəm”.