AFFA-da 2 mühüm toplantı
03.03.2011 - 11:51
AFFA-da 2 mühüm toplantı
Sabah Azərbaycan futbol ictimaiyyətinin diqqəti AFFA-ya yönələcək. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında iki mühüm toplantı keçiriləcək.

Saat 10:30-da İcraiyyə Komitəsinin (İK) iclası başlayacaq. Bundan bir saat sonra isə AFFA-nın növbəti Konfransı keçiriləcək ki, onun gündəliyi assosiasiyanın Nizamnaməsinə uyğun olaraq müəyyənləşib. Bunlar gözlənilən, cari məsələlərdir.

İK-nın iclasında əsas müxtəlif yaş qruplarından ibarət yığmalarımızın çalışdırıcılarının təsdiqidir. Bunlar Vəli Qasımovun 19 yaşlılardan ibarət yığmasına (U-19), Təbriz Həsənovun U-17-a, almaniyalı Nikolay Adamın U-16 və U-15-nin baş məşqçi postuna təsdiqi ilə bağlıdır.

Digər məsələlərin bölümündə nəyin müzakirənin olunacağı isə adətən açıqlanmır. Ancaq bu zaman gözlənilməz qərarların olması baş verib ki, indi əsas diqqət legioner limitinə yönəlib. Düzdür, bunun müzakirəyə çıxarılacağı bilinmir. Sadəcə, gələn mövsüm üçün legioner limiti dəyişiləcəksə, indi əsl məqamdır. Çünki İK-nın toplantısından sonra Konfrans keçiriləcək və belə qərarlar istənilən halda, orada təsdiqlənməlidir.

Növbədənkənarı nəzərə almasaq, Konfrans ildə bir dəfə keçirilir. Əgər yeni mövsüm üçün limit dəyişiləcəksə, azaldılacaqsa, klublar indidən bunu bilib, transfer siyasətlərini buna uyğun müəyyənləşdirməlidir.

AFFA-nın İcraiyyə Komitəsinin iclasının gündəliyi

1. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların məşqçilərinin təsdiqi
2. Digər məsələlər

AFFA-nın Konfransının gündəliyi

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər