İlqar Qurbanov FİFA-dan cavab gözləyir: Borcun üstünə faiz gəlir
03.03.2011 - 16:30
İlqar Qurbanov FİFA-dan cavab gözləyir: Borcun üstünə faiz gəlir
“Hələlik FİFA-nın qərarını gözləyirəm. Ancaq ali futbol qurumunun nə vaxt cavab verəcəyi dəqiq bilinmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu İlqar Qurbanov deyib.

Cari mövsümə Türkiyənin I divizion təmsilçisi “Mersin İdman Yurdu”nda başlayan 25 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Qarabağ”a keçdi. Ancaq Qurbanov hələ də yeni komandasında debüt etməyib.

Onun sözlərinə görə, FİFA qərar verməmiş, meydana çıxa bilməz: “FİFA Türkiyə Futbol Federasiyasına martın 1-dək vaxt vermişdi. “Mersin İdman Yurdu”nu məhkəməyə vermişdim. Məhkəmədə xeyrimə qərar çıxarılması ilə bağlı əlimdə sənəd var. Buna əsasən, klubla müqaviləni birtərəfli pozmaq hüququna malik oldum və sərbəst futbolçu kimi “Qarabağ”la müqavilə imzaladım. Türkiyə Futbol Federasiyası da həmin sənədləri FİFA-ya göndərib. Ancaq bu, 1-2 günə həll olunası məsələ deyil. FİFA münasib saydığı vaxtda mübahisəli məsələlərlə bağlı qərar çıxarır ki, mən də bunu gözləyirəm. Yəqin ki, 1-2 həftəyə cavab verərlər”.

Qurbanov Bank Asiya təmsilçisinin borcunun ödənilməsini gözləyir. O, Türkiyədə bir çox futbolçularda belə problemlərin olduğunu bildirib: “Elə “Mersin İdman Yurdu”nun 6-7 futbolçuya borcu var. FİFA xeyrimə qərar çıxararsa, pulu Türkiyə Futbol Federasiyası verəcək. Ancaq “Mersin İdman Yurdu” borcumu verməməklə, canını qurtara bilməyəcək. Çünki federasiya borcu olan klublara gələn mövsüm üçün lisenziya vermir. Türkiyə klubu 3 aylıq maaşımı vermədi ki, bu, 120 min lirə təşkil edir. Ancaq bu məbləğ getdikcə artır. Çünki borcumun üzərinə faiz gəlir. Borc maya kimi ödənilməzsə, məbləğ indikindən çox olacaq”.

Milli komandamızın sabiq üzvü “Qarabağ”ın heyətində Türkiyəyə hazırlığa yollanmamağını məsələnin həllini gözləməsi ilə əlaqələndirib: “Buna görə Bakıda qalmışam. Mən “Qarabağ”a yanvarda Türkiyədə qoşuldum. Daha öncə Bakıda olsaydım, notarial məsələləri vaxtında həllini tapsaydı, məsələm bu qədər yubanmaya bilərdi. Ancaq məşqlərimə ara verməmişəm. Zədə problemləri olan komanda yoldaşlarımla birgə Bakıda hazırlıq keçiririk. İki məşqçimiz – Müşfiq Hüseynovla Elçin Rəhmanov burada qalıb, hazırlığımıza nəzarət edir”.