Emin İmaməliyev: İnanmasaydım, bu sənəti seçməzdim
03.03.2011 - 18:29
Emin İmaməliyev: İnanmasaydım, bu sənəti seçməzdim
“Əsas heyətlə birgə Türkiyəyə təlim-məşq toplanışına yollanmamağım zədəmlə bağlıdır. Hələ bu komandada oynadığım ilk vaxtda köhnə zədəm vardı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Emin İmaməliyev deyib.

Təcrübəli yarımmüdafiəçi 2003-05-ci illərdə oynadığı “Qarabağ”a 3 il öncə qayıtdı. Emin sözlərinə görə, köhnə zədəsini təzələməsi problem yaradıb: “Komandada ilk oynadığım dövrdə çiynim sınmışdı. “Turan”la son turdakı görüş öncəsi həmin yerdən xəsarət aldım. Nəticədə çiynim şişdi. Ancaq indi Allaha şükür, hər şey qaydasındadır. Artıq müalicəm bitib və məşq edirəm. Zədə problemi olan bir neçə futbolçumuz Bakıda qalan 2 məşqçimizin rəhbərliyi altında hazırlıq keçir”.

Əsasən yarımmüdafiənin cinahlarında oynayan İmaməliyev bu il rəsmi görüş keçirməyib. “Qarabağ”ın qış fasiləsində yeni transferləri sayəsində komandada rəqabət böyüyüb ki, nəticədə 31 yaşlı futbolçu ehtiyatda qalır. Ancaq Emin rəqabətdən çəkinmir: “Komandaya yeni futbolçuların cəlb olunması yaxşı haldır. Bu zaman rəqabət daha da artır ki, bu da ilk növbədə futbolçunun xeyrinə olan amildir. Çünki rəqabət böyük olanda, əsas heyətə düşmək üçün öz üzərində daha çox işləməli olursan. Ancaq son vaxtlar oynadığıma görə həvəsdən düşmürəm. Çünki əsas komandamızın nəticəsi, qarşıya qoyulan vəzifənin yerinə yetirilməsidir. Baş məşqçidən şans gözləyirəm. O, şans verərsə, elə oynamaq lazımdır ki, əsas heyətdə yerini qaytara biləsən. Mən bundan maksimum istifadə etməyə çalışacağam. Əlbəttə, əsas heyətə qayıdacağıma inanıram. Buna inanmasaydım, bu sənəti seçməzdim”.