“Anar Salmanov oyundan öncə bizdən pul istəmişdi”
04.03.2011 - 00:13
“Anar Salmanov oyundan öncə bizdən pul istəmişdi”
“Anar Salmanov və onun kimilər hakimlikdən qovulmalıdır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Ölkə kubokunun ilk 1/4 final oyununda cənub təmsilçisi “Neftçi” üzərində 4:3 hesablı qələbə qazanıb. Buna baxmayaraq, “Xəzər Lənkəran” rəsmisi görüşün baş hakimi Anar Salmanovdan narazı qalıb: “Qapımıza olmayan penalti verildi. Onun bu qərarı absurd bir şey idi. Hamı komandamızın səviyyəsini, necə oyun sərgilədiyini gördü. Amma hakimlər, düzəlmir ki, düzəlmir. Azərbaycan futbolu rüşvətxor hakimlərdən təmizlənməlidir”.

Nadirov bildirib ki, Anar Salmanov hələ ötən il “Xəzər Lənkəran” rəhbərliyinə zəng vuraraq, rüşvət istəyib: “Ölkə çempionatında “Muğan”la Salyandakı oyundan əvvəl zəng edib, bizdən pul istəmişdi. Səsini yazmışdıq, aparıb Peşəkar Futbol Liqasına təqdim etdik. Amma onu yenə hakimlikdə saxladılar. Niyə? Əgər bu gün ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gedirsə, AFFA rəhbərliyi də belələrini cəzalandırmalıdır”.

Vitse-prezident bildirib ki, AFFA prezidenti Rövnəq Abdullayevin bu biabırçılıqla bağlı tədbir görəcəyinə inanır.