“Neftçi”nin müdafiəsi bu qədər bərbad olmamışdı
04.03.2011 - 10:28
“Neftçi”nin müdafiəsi bu qədər bərbad olmamışdı
Bakının “Neftçi” klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinə uğursuz başlayıb. Apasport.az saytının məlumatına görə, öz meydanında prinsipial rəqibi “Xəzər Lənkəran”la qarşılaşana paytaxt təmsilçisi 3:4 hesabı ilə uduzub. Bakılılar minimal hesabla uduzsa da 4 qol buraxmaqla azarkeşlərinin ümidlərini alt-üst edib. Arxa xətti bərbad vəziyyətdə olan “Neftçi” müstəqillik tarixində 2-ci dəfə Azərbaycan klubundan belə zərbə alıb.

Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatı və kubokunda yalnız 1 dəfə “ağ-qaralar” 3-dən artıq top buraxmışdı. Həmin oyun ölkə çempionatının 2007/08 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Neftçi” ilə oyunda “Bakı” coşmuşdu. 2007-ci il oktyabrın 20-dəki matçda 5:1 hesabı ilə qalib gələn “zolaqlılar”dan başqa heç kim “Neftçi”yə 4 və ya daha çox qol vurmamışdı.

Lakin “Xəzər Lənkəran” bunu bacaran 2-ci Azərbaycan komandası oldu. Özü də bununla ölkə kubokunda rekorda imza atdı. Belə ki, kubok yarışlarında “Neftçi”nin qapısına bu qədər – 4 qol vuran olmamışdı. “Bakı”nın öz meydanında 5 qol vurduğunu nəzərə alsaq isə “Xəzər Lənkəran” daha 1 rekorda imza atıb. Onlar “Neftçi”nin meydanında 4 qol vuran ilk Azərbaycan komandası kimi tarixə düşüb.
0