Antalyaya getməyənlərin “Muğan” nümunəsi
04.03.2011 - 12:33
Antalyaya getməyənlərin “Muğan” nümunəsi
Qış fasiləsində Premyer Liqada mübarizə aparan 12 klubdan 7-si təlim-məşq toplanışı keçmək üçün Antalyaya üz tutdu. "Neftçi", "Xəzər-Lənkəran", "İnter", "Qarabağ", AZAL, "Bakı", "Qəbələ" və "Turan" hazırlıq prosesi üçün Türkiyəni seçdilər.

Türkiyəyə getmədi, amma uduzmur
Artıq fasilə başa çatıb və elita təmsilçiləri ölkə çempionatında 3 oyun keçiriblər. Nəticələr göz qabağındadı.

Maraqlıdı ki, vətəndə hazırlaşmağa üstünlük verən "Muğan" 3 oyundan 7 xal yığmağı bacarıb. Özü də Salyan təmsilçisi səfərdə "Bakı" kimi güclü rəqiblə heç-heçə edib (1:1), Bakıda isə "Qəbələ"ni üstələməklə Toni Adamsın komandasının ilk "altılığ"a düşməsinə mane olub. Heç "Simurq"la Zaqataladakı matçı da asan adlandırmaq olmaz. Hansı ki, "Muğan" rəqibini minimal hesabla üstələməyi bacardı.

Təkcə bu fakt göstərir ki, yarışlarda uğurlu çıxış etmək üçün Antalyaya üz tutmaq vacib deyil. Çünki təlim-məşq toplanışı keçmək üçün ölkəmizdə də orta səviyyədə şərait var və təlabat olacağı halda şərtlər daha yaxşılaşdırıla bilər. Şükürlər olsun, otellərimiz Antalyadakılardan heç nə ilə geri qalmır. Süni örtüklü meydançaları isə düzüb-qoşmaq asan məsələdi. Qaldı hava şəraitinə, son illər "Bakı" ilə Antalya ciddi fərqlənmir.

Klublarımız Antalyaya yollanmalarının ən böyük səbəbi kimi sınaqçı-rəqiblərin Türkiyədə çox olmasını göstərirlər. Sanki orda "Real", "Mançester Yunayted", "Yuventus" və ya "Qalatasaray", "Şaxtyor" kimi komandalarla üz-üzə gəlirlər. Fakt budu ki, qarşılaşdıqları rəqiblərin əksəriyyəti aşağı dəstə təmsilçiləri və "Şaxtyor", "Zenit" kimi komandaların əvəzedici heyətləridi. Belə olan halda, bir ətək pul töküb Antalyaya getməyin nə mənası? Olmazmı ki, Türkiyəyə üz tutan kollektivlər elə öz aralarında vətəndə mini-turnir təşkil etsinlər? Əlbəttə, olar. Amma nə yazıq ki, bizimkilər "qonşudan qalma dala" prinsipi ilə hərəkət edirlər.

Dövrələrarası fasiləni başa düşdük. Bəs, indi "Qarabağ" və "Bakı"nın Antalyada nə işi var? Çempionatda 5-10 günlük fasilə yaranıb deyə, Türkiyəyə getməyin nə mənası?

Antalya toplanışı neçəyə başa gəlir?
Qış vaxtı Antalyaya turist axını az olduğundan turizm şirkətlərinin çörəyi futbol klubları ilə işbirliyindən çıxır. Adətən şirkətlərin təqdim etdiyi qiymətlər arasında ciddi fərq olmur. Ona görə də klub menecerləri aşağı-yuxarı danışıb, məbləğdə güzəştə gedən firmaların xidmətindən yararlanırlar.

Təlim-məşq toplanışlarının pik dövrü yanvar - fevral aylarıdı. Təsadüfi deyil ki, ötən 2 ayda Antalyaya yüzlərlə klub təşrif buyurmuşdu. Elə qiymətlər də tarixlərdən asılı olaraq dəyişir. Məsələn, artıq martda adambaşına qiymət 70 manatdan 30-a düşə bilər.

Antalyaya gedən klublar yalnız yol xərcini əlavə olaraq, ciblərindən ödəyirlər: gedib-qayıtmaq adambaşı 290 manat. Qalan şeylər isə 40 nəfərlik heyətlə 10 günlük təlim-məşq toplanışı keçməyin dəyəri 37000 manat olan paketə daxildi.

- Aeroportdan otelə və geriyə çatdırılma

- Oteldə qalma

- Qidalanma - all inclusive (hər şey daxildi)

- Sauna, basseyn və trenajor zalından istifadə

- Gün ərzində 2 dəfə paltarların pulsuz yuyulması

- Gün ərzində 2 dəfə məşq keçmək üçün meydança

- Sınaqçı-rəqiblər

Otel

Futbolçular adi turistlərlə qonşu otaqlarda qalır və onlarla eyni restoranda yemək yeyirlər. Yəni, burda idmançılar üçün nəzərdə tutulmuş nəsə xüsusi qida olmur. Basseyn və sauna da ümumidi. Oyunçular məşqlər arasında ya yatırlar, ya stolüstü oyun-filan oynayırlar, ya da noutbukların götürüb, internetdə dost-tanışları ilə danışırlar. Başqa nə edəsən ki? Antalya günlərlə gəziləsi yer deyil və futbolçular bura tez-tez gəldiyindən ətrafla tanışdılar. Ona görə də oteldə qalmağa üstünlük verirlər. Düzdü, çimərliyə getmək istəyənlər də olur. Amma iş ondadı ki, onlar Türkiyəyə dincəlməyə yox, məşq etməyə, hazırlaşmağa gedirlər.

Nəqliyyat
Komandalar Antalyada olduğu müddətdə təşkilatçı firmanın təqdim etdiyi avtobusla hərəkət edirlər. Həmçinin, klubun sərəncamına 2-3 minik avtomobili də verirlər. Amma alış-verişə çıxmaq, gəzmək-filan kimi şeylər bu xidmətə daxil deyil. Belə niyyəti olanlar əlavə xərcə düşürlər.

Sınaqçı-rəqiblər
Əgər sparinq-rəqiblərlə klubların özlərinin danışıq apardığını düşünürsüzsə, səhv edirsiz. Əlbəttə, belə hallar da olur. Amma nadir hallarda. Bütün bu işlərlə təşkilatçı firma məşğul olur. Sadəcə, klublara yaxınlıqda məskunlaşan komandaların siyahısı verilir və onlar özlərinə uyğun sparrinq-rəqiblər seçirlər.

Bir qayda olaraq, komandalar toplanışın əvvəlində zəif, ortasında isə özləri ilə eyni gücdə olan kollektivlərlə görüşməyi məqsədəuyğun sayırlar. Sonda isə yenə zəifləri sınağa çəkirlər ki, qalib gəlib, yaxşı əhval-ruhiyyə ilə yola düşsünlər.

Fors-major
Qış vaxtı Antalyada hava şəraiti dəyişkən olur. Hətta, günəşli bir günün səhərisi dolu belə yağa bilər. Belə "sürprizlər" qaçılmazdı və əvvəlcədən klublara xəbərdarlıq olunur ki, sonra əlavə problem çıxmasın.

Xatırlayırsızsa, yanvarda Türkiyədə toplanışda olan təmsilçilərimiz də analoji çətinliklə üzləşmişdi. Hətta "Xəzər-Lənkəran" və "Qarabağ" güclü yağış səbəbi ilə öz sınaq matçlarını yarımçıq dayandırmaq məcburiyyətində qalmışdılar.

ŞAMO