1/2 finalın astanasında: “Xəzər Lənkəran” uduzsa da, mərhələ keçə bilər
07.03.2011 - 10:44
1/2 finalın astanasında: “Xəzər Lənkəran” uduzsa da, mərhələ keçə bilər
Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlarda olduğu kimi, “Turan”la AZAL-ın görüşü yenə başqa gündə keçiriləcək.

Ötən həftə 1/4 final mübarizəsi həmin komandaların matçı ilə başlamışdısa, bu dəfə bitəcək. Özü də cavab görüşlərinin keçiriləcəyi arenalardan fərqli, Tovuz şəhər stadionunda süni işıqlandırma sistemi olmadığı, kubokda cavab oyununun hətta penaltilər seriyasına kimi uzanmasının mümkünlüyü nəzərə alınaraq, qarşılaşma daha tez başlayacaq.

Əsas diqqət isə sabahkı oyunlara yönələcək. Sözsüz ki, bu mənada “Xəzər Lənkəran”la “Neftçi”nin növbəti duelini fərqləndirməliyik. “Böyük oyun” iştirakçılarının qarşıdurmasının necə prinsipial olduğunu Bakıdakı ilk oyun bir daha sübut etdi. Lənkərandakı cavab görüşünün də gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Özü də bu, derbi iştirakçılarının Lənkəranda ilk kubok görüşü olması marağı daha da artırır.

Sözsüz ki, “Xəzər Lənkəran” ilk oyunda qalib gəldiyindən, ən əsası, səfərdə 4 qol vurduğundan, böyük üstünlüyə malikdir. Yəni lənkəranlılar evdə 0:1, 1:2, hətta 2:3 hesabı uduzsalar belə, yarımfinala çıxacaqlar. Çünki iki oyunun yekununa görə topların fərqi bərabər olanda, səfərdə vurulan qolların sayı əsas götürülür. Bu isə “Xəzər Lənkəran”ı daha şanslı edir. “Neftçi” mərhələ keçmək istəyirsə, Lənkəranda ən azı 2 top fərqi ilə qalib gəlməlidir.

“Xəzər Lənkəran” – “Neftçi” cütünün qalibinin görüşəcəyi “Bakı” – “Qəbələ” oyunu da az maraq doğurmur. Burada ilk oyundan sonra vəziyyət elədir ki, bakılılara son qalibi olduğu kubokda mübarizəni davam etdirmək üçün istənilən hesablı qələbə yetərlidir. “Qəbələ” isə istənilən qollu heç-heçə ilə yarımfinala çıxmış olacaq. Bu, “altılıq”dan kənarda qalan Toni Adamsın çalışdırdığı komandanın avrokuboklara çıxması üçün son şans olduğundan, maksimum yararlanmalıdır.

“İnter”lə “Abşeron” yenə “Şəfa” stadionunda görüşəcək. Ancaq bu dəfə meydan sahibi “bankirlər” olacaq. Son çempion I divizionun lideri olan “Abşeron”u cari mövsümdə ilk yenən komanda kimi tarixə düşdü. Düzdür, bu çətinliklə əldə olunsa da, yarımfinala çıxmaq şansını artırdı. “İnter”in cavab oyununda 2 top fərqi ilə uduzaraq, mərhələ adlamamağı inandırıcı görünmür.

1/4 finala yekun vuracaq “Turan” – AZAL cütündə qonaqlar evdə yetərli üstünlük qazandı. Ən əsası, “təyyarəçilər” öz meydanında top buraxmadı ki, onun Tovuzda qol vurması meydan sahiblərinin işini xeyli çətinləşdirəcək. Yəni həmin qolun əvəzini 2 topla çıxmaq lazım olacaq. AZAL-dan fərqli, ilk “altılıq”dan kənarda qalan “Turan”a yarımfinala çıxmaq üçün böyük hesablı qələbə qazanmaq lazımdır.

8 mart

16:00. “İnter” – “Abşeron”
Bakı. “Şəfa” stadionu
İlk oyun – 1:0

16:00. “Bakı” – “Qəbələ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0

18:00. “Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk oyun – 4:3

9 mart

14:00. “Turan” – AZAL
Tovuz. Şəhər stadionu
İlk oyun – 0:2
0