Mart gəldi, dərd gəldi
07.03.2011 - 14:20
Mart gəldi, dərd gəldi
“Xəzər Lənkəran” ardıcıl ikinci mövsümdür “Neftçi” ilə oyundan sonra baş məşqçisini itirir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Ağasəlim Mircavadov, bu dəfə rumıniyalı Mirça Rednik AFFA-nın İntizam Komitəsinin ağır cəzasına məruz qalıb. Özü də hər iki mütəxəssis hakimi təhqir etdikləri üçün cəzalandırılır və komandanı 4000 manatlıq cəriməyə məruz qoyur.

Fərq ondadır ki, Mircavadov Lənkərandakı oyundan sonra 4, Rednik Bakıdakı görüşdən sonra 5 oyunluq diskvalifikasiya olunub. Özü də azərbaycanlı çalışdırıcı çempionatda, rumıniyalı kubokda problemlə üzləşib.

Ötən mövsümdən bu iki turnirin cəzaları bir-birinə şamil edilmir. Yəni Rednik bu həftəsonu startı veriləcək “altılıq”da iş başında olaraq, əvəzinə Azərbaycan kubokunun cari mövsümündə bir daha texniki zonada yer almayacaq. Çünki “Xəzər Lənkəran” finala kimi irəliləsə belə, bu mövsüm üçün 4 oyunu qalıb.

Maraqlıdır ki, Mircavadovun da cəzası marta təsadüf etmişdi. Ötən ilin bu ayının 27-də “Neftçi” ilə “altılığ”ın III turunda Lənkərandakı görüş təcrübəli mütəxəssisə baha başa gəldi. Mircavadov bu oyundan 3 gün sonra AFFA-nın İntizam Komitəsinin cəzasına məruz qaldı. Bundan sonra komandanı baş məşqçinin cəzalı olduğu çempionatda 4 oyuna köməkçisi Tofiq Mustafayev çıxardı. Onlar “Qarabağ”la (evdə 2:1), “Bakı” (səfərdə 0:1), “Qəbələ” (səfərdə 1:2), “İnter”lə (evdə 2:2) görüşlər idi.

Nəticələrə diqqət yetirsək, bərabərliyin - 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət - olduğunu görə bilərik. Düzdür, lənkəranlıların yalnız topların fərqində (6-5) minimal üstünlüyü var. Mircavadov həmin vaxt “Neftçi” ilə oyunla gedərək, həmin rəqiblə görüşdə qayıtdı ki, səfər matçı ötən mövsüm digər oyunlar kimi qolsuz bərabərliklə nəticələndi.

Rednikin “Xəzər Lənkəran”ın hansı kubok oyunlarında texniki zonada yer almayacağını indidən demək olmaz. Əvvəla, lənkəranlılar kubokda mübarizəni davam etdirəcəyi hələ dəqiqləşməyib. Komanda keçsə belə, indidən onun yalnız potensial rəqiblərinin “Bakı” və “Qəbələ” olduğu məlumdur. Qaranlıq məqamlara sabah aydınlıq gələcək.

Qeyd edək ki, Rednikin yoxluğunda texniki zonada əsas köməkçisi olan həmyerlisi Mihai Teja olacaq. Maraqlıdır ki, o, ötən tur “İnter”lə “Şəfa” stadionundakı oyunun 81-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna 1 oyunluq kənarlaşdırılıb və klubunu 1000 manat xərcə salıb.

Ancaq əvvəl dediyimiz kimi, bu, çempionata aid olduğundan, Teja “Neftçi” ilə sabahkı oyunda texniki zonada yerini tutacaq. Sadəcə, martın 13-də “altılığ”ın ilk turunda AZAL-la “Şəfa”dakı matçda Teja kənarda qalaraq, Rednik texniki zonaya qayıdacaq. Göründüyü kimi, “Xəzər Lənkəran”ın bu həftəki oyunlarında hər iki rumıniyalı məşqçisi birgə ola bilməyəcək.

Mehman SÜLEYMANOV