Diqqət “Nou Kamp”a!
07.03.2011 - 14:49
Diqqət “Nou Kamp”a!
Sabah UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, futbolsevərlərin diqqəti “Nou Kamp” stadionuna yönələcək.

Bu mərhələnin ən maraqlı cütünü təşkil edən “Barselona” ilə “Arsenal” növbəti dəfə münasibətlərini ayırd edəcəklər.

Londonlular, nəhayət, “Barsa” tilsimini qırmağa yaxındırlar. Hər halda, “Arsenal” ilk oyundakı əzmkar qələbədən sonra səfərdə istənilən bərabərliklə 1/4 finala çıxmış olacaq. Ancaq “Barsa”nın evdə necə güclü olduğunu oynadığını nəzərə alsaq, bu, ingilislərə çətin başa gələcək. İspanların heyətlə bağlı ciddi itkilərinin olması “Arsenal”ın işinə yarayır. Belə ki, “Barselona”nın 2 aparıcı mərkəz müdafiəçisi – kapitan Karles Puyolun zədə, Xerard Pikenin cəza problemləri var. Kataloniyalılar uzun müddət oynamayan Pikenin sabah meydana çıxacağına ümidini itirmirlər. Əks halda, komandanın müdafiənin mərkəzində ciddi problemləri olacaq ki, “Arsenal” kimi güclü rəqib bundan maksimum yararlana bilər.

“Roma” “Şaxtyor”la oyunda favorit göstərilsə də, ilk oyun futbolda proqnozların heç də həmişə düz olmadığını göstərdi. Donetsk klubu İtaliya paytaxtında möhtəşəm qələbəsindən sonra mərhələ keçməyə daha şanslıdır və evdə bunu əldən buraxacağı real sayılmır. Bununla da “Şaxtyor” 1/4 finala çıxmaqla, ÇL-də tarixinin ən yüksək nəticəsinə imza atacaq. “Roma”nın 37 yaşlı yeni baş məşqçisi Vinçentso Montella avrokuboklarda çalışdırıcı kimi debüt edəcək.

“Milan” İtaliya çempionatında lider olsa da, ÇL-də işləri yaxşı getmir. Evdə “Tottenhem”ə məğlubiyyətdən sonra işini çətinləşdirən milanlılar indi Londonda 2 top fərqi ilə qalib gəlməlidirlər.

“Şalke” İspaniyadan sərfəli nəticə ilə qayıtsa da, mərhələ keçməsi haqda danışmaq tezdir. Almanlara qolsuz bərabərlik sərf etsə də, “Valensiya” cavab görüşündə ikiqat qüvvə ilə oynayacağından, Bundesliqada uğursuz çıxış edən komandaya çətin olacaq. Bu, istefaya göndərilmək təhlükəsi olan “Şalkle”nin təcrübəli baş məşqçisi Feliks Maqat üçün son şans ola bilər.

8 mart
“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:2

“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)
İlk oyun – 3:2


9 mart
“Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya)
İlk oyun – 1:0

“Şalke” (Almaniya) – “Valensiya” (İspaniya)
İlk oyun – 1:1