Maksim Medvedev gözləmə mövqeyində
08.03.2011 - 00:07
Maksim Medvedev gözləmə mövqeyində
“Hazırda Almaniyadayam. Dünən həkimlə görüşdüm. Rentgenin cavablarını ona təqdim etdim. Təbii ki, mənə dərhal diaqnoz qoymadı. Ayağıma iynə vurdu. Bu gün zədəmlə bağlı öz fikrini açıqlayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Bir müddətdir zədədən əziyyət çəkən həmyerlimiz Türkiyədə müalicə olunurdu. “Beşiktaş”ın həkimi tərəfindən müalicə olunan həmyerlimizin yaşıl meydanlara dönüşü yubanırdı. Bunu nəzərə alan Ağdam təmsilçisinin rəhbərliyi futbolçunu Almaniyaya göndərməyi məqsədəuyğun bilib.

Müalicə prosesinin bu qədər uzanmasına gəldikdə, 22 yaşlı futbolçu bunun diaqnozun düzgün qoyulub-qoyulmaması ilə heç bir bağlılığının olmadığını qeyd edib: “Söhbət səhv və ya düzgün müalicədən getmir. Heç Türkiyədə olan vaxt həkimlər zədəmin nədən ibarət olduğunu müəyyənləşdirə bilməmişdilər”.

Almaniyalı həkimin tapılmasında millinin həkiminin heç bir köməyinin olmadığını qeyd edən Medvedev ora klubun xətti ilə getdiyini vurğulayıb: “Yığmanın həkimi deyil. Klub tərəfindən göndərilmişəm. Burda neçə gün qalacağımı da müayinədən sonra biləcəm”.