Daniel Genov: Həmin anda mən yerə uzanmışdım
09.03.2011 - 09:41
Daniel Genov: Həmin anda mən yerə uzanmışdım
Bakının “İnter” komandasının yarımmüdafiəçisi Daniel Genov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqar legioner Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Abşeron”la cavab qarşılaşması barədə fikirlərini açıqlayıb.

- Rəqib uzun müddət azlıqda oynadı, lakin bundan istifadə etmək mümkün olmadı...
- “Abşeron” yaxşı komandadır və bu komandanı məğlub etdiyimizə görə şadam. Ancaq hər halda bunu da qeyd etməyə bilmərəm ki, bu gün oyunumuz alınmadı. Biz topa daha çox nəzarət etdik, amma bundan yararlana bilmədik. Müdafiədən hücuma keçən zaman problemlər hiss etdik.

- Birinci hissədə sizə qarşı kobud oynanıldı və bu da futbolçular arasında qarışıqlığın yaranmasına səbəb oldu. Həmin epizodda nə baş verdi?
- Bilmirəm, həmin anda mən yerə uzanmışdım. Robertas Poşkus daha yaxşı bilər.

- Daha çox cinahda oynayırsınız, ancaq bu gün hücumçu mövqeyində oynadınız. Belə mövqedə özünüzü rahat hiss edirsiniz?
- Məşqçinin tapşırdığı mövqedə oynayacağam. Amma, doğrusunu desəm, hücumçu mövqeyində oynamaq daha çox xoşuma gəlir. Bu mövqedə özümü daha inamlı hiss edirəm.

- Bu gün sərgilədiyiniz oyundan razı qaldınız?
- Birinci hissədə nəsə alınırdı, lakin ikinci hissədə bunu deyə bilmərəm. Hələ üzərimdə çox çalışmalıyam.

- “İnter” yarımfinala çıxdı və buna görə sizi təbrik edirəm. Bu mərhələdə komandanın rəqibi AZAL – “Turan” cütünün qalibi olacaq. Bu komandalardan hansı ilə qarşılaşmaq istərdiniz?
- AZAL ilə qarşılaşmağımızı istərdim.

-Nəyə görə məhz AZAL ilə?
- Ona görə ki, çempionatın birinci hissəsində bu komanda ilə oyun bizim üçün yaxşı olmayan nəticə ilə yekunlaşmışdı. Bir də ki, zənnimcə, bu cütün favoriti AZAL-dır.
0