Nodar Məmmədov: Yeganə ümidimiz kubok idi, o da əldən çıxdı
09.03.2011 - 12:49
Nodar Məmmədov: Yeganə ümidimiz kubok idi, o da əldən çıxdı
“Normal oyun oldu. İlk görüşdə qol vurulmadığından düşünürdük ki, qalib əlavə vaxtda müəyyənləşəcək. Ancaq rəqib hesab açdı. Bundan sonra irəli atılsaq da, faydası olmadı. Qol vurulana qədər Dean Barton yaxın məsafədən fərqlənmək şansını qaçırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin müdafiəçisi Nodar Məmmədov deyib.

Toni Adamsın daim əsas heyətdə şans verdiyi futbolçu “Bakı” ilə qarşılaşmanın ikinci hissəsində meydana daxil oldu. Avrokuboklara vəsiqə qazanmaq yolunda bütün ümidini ölkə kubokuna bağlayan əyalət təmsilçisi məğlub olmaqla, bu şansını da qaçırdı. Əslində, əksər mütəxəssislər “Qəbələ”nin istəkli olmadığını qeyd edirlər. Ancaq futbolçu bunun heç də belə olmadığını vurğulayıb: “İstəksiz deyəndə, avrokuboklara gedən yolda yeganə ümidimiz kubok idi. O da əldən çıxdı”.

23 yaşlı müdafiəçi ikinci “altılıq” haqda danışarkən, bu mərhələni hazırlıq mərhələsi adlandırıb: “İkinci “altılıq”ın oyunları bizim üçün yeni mövsümə hazırlıq məqsədi daşıyacaq. Təcrübə toplayacağıq. Orda da normal komandalar var. “Muğan”, “Gəncə” istənilən iddialı klubdan xal ala biləcək gücdədir”.

Komandada ruh düşkünlüyünün olmadığını da qeyd edən Məmmədov indidən məşqçilərin gözünə girməyin vacibliyini qeyd edib: “Ruh düşkünlüyü yoxdur. İndidən özümüzü göstərməliyik ki, gələn ilki heyətdə yer ala bilək”.