Mihael Ballak yığmadan ayrılır
09.03.2011 - 14:03
Mihael Ballak yığmadan ayrılır
Məşhur futbolçu Mihael Ballak kapitanı olduğu Almaniya millisi ilə vidalaşır. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv “Bayer” klubunun 35 yaşlı yarımmüdafiəçisini qarşıdakı oyunlar - Avro-2012-nin seçmə mərhələsində martın 26-da Qazaxıstanla rəsmi, 29-da Avstraliya ilə yoldaşlıq görüşünə çağırmayacaq.

Artıq Almaniya Futbol İttifaqı (AFİ) Ballakın vida oyunu ilə bağlı plan hazırlayıb. Belə ki, indiyə kimi yığmada 98 oyun keçirən Ballak son olaraq avqustun 10-da Braziliya yığması ilə yoldaşlıq görüşündə meydana çıxacaq. Düzdür, Almaniyada vida oyunlarını keçirmək praktikasından imtina ediblər. Ancaq xüsusi hallarda – 2008-ci ildə Oliver Kanda olduğu kimi istisnalar olur.

AFİ-nin rəhbəri Teo Tsvantsiger Mihaelin yığmaya qayıdacağına ümid etdiyini bildirib: “Ancaq bu, baş məşqçinin səlahiyyətində olan qərardır. Balalk üçün sonuncu oyunun 99-cu, yaxud 125-ci olması əhəmiyyət kəsb etmir. İstənilən halda, biz onu layiqli vida hazırlayacağıq”.

Qeyd edək ki, Almaniya Braziliya ilə görüşə qədər son rəsmi oyununu bu ilin iyunun 7-də səfərdə milli komandamızla keçirəcək. Deməli, Mihael həmin görüşə çağırılarsa, son rəsmi matçını bizə qarşı keçirəcək.