Elnur Allahverdiyev: AZAL-la qarşılaşma “Neftçi” ilə oyundan da çətin olacaq
10.03.2011 - 11:47
Elnur Allahverdiyev: AZAL-la qarşılaşma “Neftçi” ilə oyundan da çətin olacaq
“İndi hər şey yaxşıdır. Kubokda mərhələ adlamaq bizə əlavə üstünlük verdi. Vacib və prinsipial oyun idi. Qələbəyə layiq olduğumuzu düşünürəm. AZAL-la matça da bu ab-hava ilə çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

Bazar günü Premyer Liqanın final mərhələsi çərçivəsində AZAL-ın qonağı olacaq cənub təmsilçisi dünən paytaxtda gəlib. Oyunun hazırlığını Bakıda həyata keçirən “ağ-yaşıllar” “Neftçi” üzərindəki qələbənin kollektivdə yaratdığı yüksək psixoloji üstünlükdən yararlanmaq niyyətindədir.

Bəs görəsən, final mərhələsinə ilk “altılığ”ın zəif komandalarından hesab edilən AZAL-la matçla başlamaq “Xəzər Lənkəran” üçün üstünlük sayıla bilərmi? Allahverdiyev bu bölgünün düzgün olmadığını vurğulayıb: “AZAL “altılıq”dakı rəqiblərimiz arasında heç də ən zəifi deyil. Ümumiyyətlə, futbolda belə bölgü yoxdur. Rəqib komandaların hamısına hörmətlə yanaşmaq lazımdır. Məncə, AZAL-la qarşılaşma “Neftçi” ilə oyundan da çətin olacaq. Buna görə də baş məşqçi futbolçuları arxayınlaşmağa qoymur”.

“Neftçi” ilə paytaxtdakı sərgilədiyi oyundan sonra “Xəzər Lənkəran”ın çempionluq şanslarını daha yüksək dəyərləndirənlərin sayı artıb. Təbii ki, bəzən bu cür yanaşma komandaya zərbə də vurur. Elə müdafiəçi də bundan ehtiyatlanır: “Kənardan baxanlar çox şey deyə bilər. Fikrimcə, bu gün həqiqətən də çempionluğa ən real namizəd “Xəzər Lənkəran”dır. Geniş və yaxşı futbolçulardan qurulmuş heyətimiz var. Həm kuboku qazanmağa, həm də çempion olmağa iddialıyıq. Ancaq arxayınlaşmaq olmaz. Bu bizə ziyan verə bilər”.