Arif Əsədov: Mən də məcburiyyətdən danışdım
10.03.2011 - 16:52
Arif Əsədov: Mən də məcburiyyətdən danışdım
“Son vaxtlar “Neftçi” ətrafında böyük ajiotaj yaranıb. Bu, istər futbolçulara, istər də gənc çalışdırıcı kimi mənə təsir edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Ölkə kubokunda “Xəzər Lənkəran”a uduzub, mübarizədən kənarda qaldıqdan sonra paytaxt təmsilçisi bu gün mətbuat konfransı keçirib. Toplantıda 41 yaşlı çalışdırıcı bildirib ki, hakimlərin onların komandasına kömək etməsi barədə deyilənlər əsassızdır: “Hər oyundan sonra, hətta “Simurq”la görüşdən sonra belə söz-söhbətlər yayılır. Guya, hakimlər “Neftçi”yə kömək edir, komandanın əvəzinə futbol oynayırlar. Bunlar zəhmətimizə kölgə gətirir. Mən heç vaxt oyundan sonra hakimlər haqda danışmışdım. Sadəcə, “Xəzər Lənkəran”la ölkə kubokunun cavab oyunundan sonra məcburiyyətdən danışdım. Çünki rumıniyalı həmkarım Bakıdakı görüşdən sonra hakimlikdən narazılıq etmişdi. Mən də cavab olaraq, fikirlərimi bildirdim. Özü də bunu Vüsal Əliyevin idarəçilik etdiyi “Neftçi” ilə “Xəzər Lənkəran”ın oyunları ilə bağlı faktlar əsasında demişəm. Bizim hakim köməyinə ehtiyacımız yoxdur. Əsas hədəfimiz çempionluqdur. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Əsədov digər klublardan fərqli, “Neftçi”nin yerli futbolçulara güvənmək, yığmaya futbolçu yetişdirməklə bağlı siyasətinin dəyişməz olacağını söyləyib. Onun sözlərinə görə, bu ağır yükü daşımağa hazırdırlar: “Azərbaycan futbolunun inkişafına öz töhfəmizi vermək istəyirik. Legionerlər nə vaxtsa gedəcəklər. Bizə qalan öz futbolçularımız olacaq və sonda işimizin bəhrəsini görəcəyik. Biz tənqidlərdən çəkinmirik. Əsas odur ki, bunlar qərəzli olmasın. Vüsal Əliyev yenidən “Xəzər Lənkəran”la oyunumuza təyinat alsa, problem yoxdur. Hakimlik məsələsi AFFA-nın səlahiyyətindədir. Ötən mövsüm mən komandaya gəldiyim zaman “İnter”ə qalib gələ bilmədiyimizdən, xof vardı. Ancaq buna son qoya bildik. “Xəzər Lənkəran”la hələ “altılıq”da 2 oyunumuz var. Getdikcə daha yaxşı oynayırıq və qalib gələ bilərik”.

Əsədov Qurban Qurbanovun “Neftçi”ni çalışdırdığı dövrü də xatırladı: “2006/07 mövsümünün sonunda “Neftçi”nin 70 illik yubileyi idi. Onda da deyirdilər ki, guya komandanı çempion edəcəklər. Ancaq sonda “Neftçi” yox, başqa komanda çempion oldu. Bundan 4 il keçəndən sonra eyni ssenari təkrarlanır. 7-8-ci yerlərdə gedən komandanın baş məşqçisindən heç kim danışmır. Əgər mən iddiasız məşqçi olsaydım, bu ağır yükün altına girməzdim. Deyərdim ki, mənlik deyil. Ancaq məsuliyyətdən çəkinməyərək, özümü hazır sayıram və sübut etməyə həvəsim var. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək”.

Baş məşqçi qış fasiləsində transfer siyasətinə də toxunub: “Bizdə 3 hücumçu var. Sadəcə, Emil Mpenzanın son anda zədələnməyi planlarımıza mənfi təsir etdi. Biz də tələsik, kimi gəldi əcnəbi hücumçu almaq istəmədik. Mpenza qayıtdıqdan sonra hücum xəttində boşluqlar aradan qalxacaq. Orta sahədə əsasən gənc futbolçularımızdır. “Altılıq”da təcrübəli futbolçular lazım olduğundan, bu mövqeyə legioner aldıq”.

Qeyd edək ki, “Neftçi” kubokdan kənarda qalmasına baxmayaraq, baş məşqçi dəyişikliyi etmək fikrində olmadığını, Əsədovla yollarını davam etdirəcəyini rəsmən açıqlayıb.

Mehman SÜLEYMANOV
0