Rail Məlikov: Mən formanı yerə necə ata bilərəm?
10.03.2011 - 17:04
Rail Məlikov: Mən formanı yerə necə ata bilərəm?
“Bizə hakimlərin, köməyi lazım deyil. Bura qədər öz gücümüzə gəlmişik, bundan sonra da belə olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.

Yığmamızın da üzvü olan müdafiəçi bu gün təşkil olunan mətbuat konfransında bildirib ki, komandası ətrafında süni qalmaqallar yaradılır. Müdafiə xəttində hansısa problemin olmadığını vurğulayan Məlikov “Xəzər Lənkəran”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda formasını yerə atmasına da toxunub: “Belə bir deyim var ki, hirsli başda ağıl olmur. Mən uduzmağı sevmirəm və emosionallığım bundan irəli gəlir. Həmin epizodda hirsli idim, uduzmağımız mənə pis təsir etmişdi. Bizdə futbolçu əvəzlənən zaman formanı çıxararaq, inzibatçıya verir. Mənim formamı yerə tullamaq fikrim olmayıb. Mən uşaqlıqdan “Neftçi”də oynamağı, onun formasını geyməyi arzulamışamsa, onu necə yerə çırpa bilərəm? Bu, mənə yaraşmaz. Məni tanıyanlar bunu təsdiqləyərlər. Azarkeşlərimizdən, ürəyi “Neftçi” ilə döyünənlərdən üzr istəmişəm. Səhv hərəkət etsəmişəmsə, yenidən onlar, “Neftçi”nin veteran futbolçularından, kapitanlarından üzr istəyirəm”.

Mehman SÜLEYMANOV