“Həftədə bir neçə oyun keçirmək çətindir”
11.03.2011 - 09:41
“Həftədə bir neçə oyun keçirmək çətindir”
“İnter”in qapıçısı Georgi Lomaya klubun rəsmi saytına açıqlama verib. Apasport.az-ın xəbərinə görə, Gürcüstan milli komandasının sabiq qapıçısı Premyer Liqanın “Qarabağ”la oyunu, həmçinin “altılıq” mübarizəsindən danışıb.

- Georgi, şənbə gün komandanız “Qarabağ”la oynayacaq. Qarşıdakı matç barədə düşüncələriniz necədir?
- Digər oyunlara olduğu kimi, qarşıdakı matça hazırlaşırıq. Meydana qalib gəlmək üçün çıxacağıq. “Qarabağ” çox yaxşı komplektləşdirilmiş komandadır və mən əminəm ki, bizə asan olmayacaq.

- “Qarabağ”la oyuna hazırlıq üçün “İnter”in kubok matçından sonra cəmi 3 günü var. Belə mürəkkəb qrafik komandanın fiziki kondisiyasına təsir göstərə bilərmi?
- Əlbəttə, həftədə bir neçə oyun keçirmək çətindir, belə oyunlara qısa müddətə hazırlaşmaq xüsusilə çətindir. Lakin məşqçilərimiz çalışırlar ki, bütün futbolçular oyuna optimal formada yanaşsınlar. Axı, bu qarşılaşma ilə bütün oyunlar kifayət qədər çətin olacaq “altılıq”da mübarizə başlayır. Odur ki, rahatlaşmaq olmaz.

- “Qarabağ” turnir cədvəlində “İnter”in birbaşa rəqibidir. Komandamız “Qarabağ”a yalnız onu məğlub edərək çata bilər...
- Qalib gəlməyə çalışacağıq, ancaq bu oyunu fərqləndirməzdim. Axı, yuxarıda dediyim kimi, “altılıq”da bütün matçlar eynilə vacibdir.

- “İnter”i “altılıq”da nə gözlədiyinizi deyə bilərsiniz?
- “Altılıq”da hər şey ola bilər. Axı, bir çoxları yəqin xatırlayırlar, ötən mövsümdə “altılığ”ın başlama ərəfəsində biz “Bakı”nı çox üstələmişdik. Lakin sonda bu komanda az qala bizi qabaqlamışdı. Demək istəyirəm ki, “altılığa” düşmüş komandaların şansları eynidir. Odur ki, hər şey irəlidədir.

- Bu həftə “İnter” “Abşeron”la cavab qarşılaşması keçirdi və nəticədə komandamız yarımfinala çıxdı...
- “Abşeron”la matçda, yumşaq desəm, yaxşı oynamadıq. Lakin əsas tapşırığı yerinə yetirdik - yarımfinala çıxdıq. İndi bizi ciddi rəqib olan AZAL ilə oyun gözləyir. Bu mərhələdə artıq zəif rəqib qalmadı və 4 komandadan hər biri Azərbaycan Kubokunu əldə etməkdə qərarlıdır. Ümid edirəm ki, bu arzunu məhz biz yerinə yetirəcəyik. Bu mövsümdə əsas məqsədlərimizdən biri olan ölkə kubokunu qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.