Uinston Parks: İndi milli haqda düşünmürəm MÜSAHİBƏ
11.03.2011 - 15:56
Uinston Parks: İndi milli haqda düşünmürəm MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın futbolçusu Uinstin Parks klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, ardıcıl 3 oyundur qol vuran kosta-rikalı hücumçu son qarşılaşmalar haqqında fikrini bölüşərək, komandadakı dəyişiklikləri dəyərləndirib.

- Öncə “Neftçi”yə qarşı keçirilən son oyun barədə fikrinizi bilmək istərdik...
- Əlbəttə, çətin oyun oldu. Biz gözəl bilirdik ki, onları yalnız qələbə düşündürür və özümüzü buna hazır etmişdik. Belə də oldu, gərgin bir görüş keçdi. Amma biz hər şeyi düzgün qiymətləndirib, bizə kifayət edən heç-heçə ilə növbəti mərhələyə keçdik.

- Artıq neçənci dəfədir meydanı zədə üzündən erkən tərk etməli olursunuz. Müdafiəçilər sizə qarşı çox kobud oynayır?
- Sözsüz ki, müdafiəçilər mənə xüsusi diqqət ayırırlar. Amma deməzdim ki, zədələnməyin səbəbi məhz kobud oyundur. Bilirsiniz ki, biz bu ərəfədə çoxlu oyunlar keçiririk. Bu oyunlar arasında fasilə də az olur, hər bir görüş də olduqca vacibdir. Bu səbəbdən yorğunluqla bağlı əzələmdə bəzi problemlər meydana gəldi.

- Son oyunlarda tək hücumçu kimi çıxış edirsiniz...
- Meydanda tək forvard olanda bəzən iki və hətta üç müdafiəçiyə qarşı oynamalı olursan. Burada bir qədər çətinlik var. Amma hər şey tək hücumçudan yox, bütün komandadan asılıdır. Mənim üçün isə cinahların xüsusi əhəmiyyəti var. Əgər cinahlar yaxşı işləyirsə və sən daim ötürmələrlə təmin edilirsənsə, heç bir çətinlik yaşamırsan.

- Növbəti oyuna hazır olacaqsınızmı?
- Hələ dəqiq deyə bilmərəm. Bu məşqdən sonra bilinəcək. Əgər ağrı hiss etməsəm, oynaya biləcəm.

- AZAL-a qarşı son qarşılaşmdan elə də çox zaman keçməyib. Bu komandanın hazırkı oyunu barədə nə deyə bilərsiniz?
- Onlar güclü intizama malik olan və müdafiə olunmağı yaxşı bacaran komandadır. Taktiki düzülüşə çox ciddi riayət edirlər və mövqeləri uğurla bağlamağı bacarırlar, ona görə onlara qarşı oynamaq çətin olur. Xüsusilə, onların müdafiədən tez hücuma keçmələrinə diqqət ayırmaq lazımdır.

- Qış fasiləsindən sonra sizin oyununuzda böyük irəliləyiş var. Demək olarmı ki, hal-hazırda vaxtilə olduğunuz yüksək formadasınız?
- Yox, mənim ən yüksək formada olmağım üçün hələ üzərimdə çox işləməliyəm. Mövsümün ilk yarısı mənim üçün daha çətin oldu, çünki yeni kluba və yeni çempionata gəlmişdim. Adaptasiya getdiyindən, dərhal yaxşı oyun göstərmək çətin oldu. Hal-hazırda irəliləyiş var, amma bu mənim ən yüksək formam deyil.

- “Transfer pəncərəsi”ndə kluba bir çox yeni oyunçu gəldi. Bunun nəticəsini artıq görmək olur?
- Əlbəttə. Bu çox yaxşıdır. Ötən il biz çox az sayda oyunçuya güvənə bilirdik və bir nəfər zədələndikdə artıq problemlər yaranırdı, əvəzetmə tapmaq çətin olurdu. İndi isə bizim geniş heyətimiz var və ehtiyac olduqda bir futbolçunu digəri ilə əvəz etmək olur.

- Yığma karyeran barədə nə deyə bilərsiniz? Kosta-Rika millisində kifayət qədər oyun keçirmisiniz. Bəs hal-hazırda vəziyyət necədir?
- Bizim yığmada indi yeni baş məşqçi işləyir. Onun əsas məqsədi gəncləri üzə çıxarmaq, ölkənin yeni nəsil futbolçularından ibarət komanda yaratmaqdır. Bu səbəbdən artıq tanıdığı təcrübəli oyunçular onu o qədər də maraqlandırmır. Mənimlə maraqlandığı barədə eşitmişəm. Sözsüz ki, burada vurduğum hər bir qol Kosta-Rikada işıqlandırılır, odur ki, ehtiyac olsa, yığmaya çağırılaram. Onu da deyim ki, özüm bu dəqiqə yığma haqqında o qədər də düşünmürəm. İndi diqqətimi kluba cəmləmişəm, və bir nömrəli məqsədim çempionluq və kuboku qazanmaqdır.

- Sizin Avropanın müxtəlif çempionatlarda oyun təcrübəniz var. Buna əsaslanıb “Xəzər Lənkəran”ın avrokubok perspektivləri barədə nə deyə bilərsiniz?
- Avrokuboklar və ölkədaxili çempionat bir-birindən fərqlənirlər. Əgər ölkə çempionatı uzun marofondursa, Avropa turnirlərinə vəsiqə qazanmaq üçün qısa müddət ərzində nəticə qazanmaq lazımdır. Burada hazırlıq vacib rol oynayır. Bəzən biz hansısa oyunçunun Avropa miqyaslı yarışda oynamasına təəccübləndiyini görürük. Lakin biz bunu bacarsaq, təəccüblənməməliyik, sadəcə buna hazır olmalıyıq. Əlbəttə, buna nail olmaq üçün irəlidə görüləsi çox iş var, və yeni oyunçuların da komandaya cəlb olunması mümkündür. Amma əsası odur ki, getdiyimiz yol doğrudur və lazımi nəticəyə çatmağımız mümkündür.