“700 manata şalvar almışdım, həmin gecə yata bilmədim”
13.03.2011 - 00:00
“700 manata şalvar almışdım, həmin gecə yata bilmədim”
“Qarabağ” klubunun futbolçusu İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

- Son vaxtlar bir yerdə qərara tuta bilmirsiniz. Tez-tez klubunuzu dəyişirsiniz. Bu nə ilə bağlıdır?
- Bir müddət “Xəzər Lənkəran”da çıxış etdim. Vəziyyət heç də pis deyildi. Sonra legioner həyatı yaşamaq qərarına gəldim və Türkiyəyə üz tutdum. Bundan sonra tez-tez klub dəyişməyə başladım. Səbəbinə gəldikdə, burada problem həm klubdan, həm də məndən asılı idi. Türkiyədə klubların gələcəyi sual altında idi. Ona görə də bir il müddətinə müqavilə imzalamalı olurdum. Bu da istər-istəməz gələcək planlarıma mənfi təsir göstərdi.

- Bəlkə seçim zamanı düzgün qərar vermirdiniz?
- Elə klublar var idi ki, yüksək məbləğ təklif edirdi. Ancaq oynaya biləcəyim komandanı seçirdim. Yəni seçim zamanı maddi məsələ əhəmiyyət kəsb etmirdi. Klubu pula görə seçməmişəm. Təmsil etdiyi şəhərə, işləyəcəyim insanlara diqqət yetirmişəm. Çünki bir il həmin şəhərdə yaşamalı idim.

- Sizdən qaynaqlanan problemlər hansılar idi?
- Cavanlıq səhvlərimiz olurdu. Əsas heyətdə oynamaq istədiyimdən ehtiyatda qalmağımızla barışmırdıq. Buna görə də məşqçilərlə müəyyən problem yaşayırdım. Əslində, öz haqqımı istəyirdim. Heç bir futbolçu ehtiyatda oturmaq istəmir. Mən də başqa şey istəmirdim. Ola bilsin, bəzən formada olmurdum. Ancaq formada olan vaxtda da ehtiyatda qalırdım. Təbii ki, bunda mənim də səhvlərim danılmazdır.

- Türkiyədə oynadığınız müddətdə yaddaşlarda daha çox “Sivasspor”un heyətində “Beşiktaş”a vurduğunuz qolla qalmısınız. Yəqin özünüz də bunu unutmamısınız?
- Belə baxanda, bu az iş deyil, azərbaycanlı futbolçu Türkiyə Superliqasında “Beşiktaş”a qol vurub. Amma vətənimdə mənimlə bu sevinci paylaşan olmadı. Lazımsız oyunda qol vuranlar haqda isə 5 il danışdılar. Ancaq mən Superliqada oynamışam, qol vurmuşam. Azərbaycanda heç bu qol göstərmirlər.

- Xüsusilə də “Beşiktaş”a vurduğunuz qoldan sonra özünüzdən çox razı olduğunuzu deməyə başladılar. Həqiqətən düşünürdünüz ki, bir qol sizi zirvəyə yüksəldib?
- Bu sözü çoxları deyib. Yaxından tanımayan haqqımda belə düşünür. Amma tanıyanlar əksinə. “Beşiktaş” üzərindəki qələbədən sonra mənə yalnız AzTV-dən Altay Əliyev zəng vurmuşdu. Həmin vaxt iclasda olsam da, canlı yayıma bağlandım. Özgə heç kim maraqlanmadı.

- Ümumiyyətlə razılaşarsınız ki, xarici görkəminiz bu cür düşünənlərə haqq verir...
- Buna əminəm. Yeni danışdığım insanların da ilk sözü bu olur ki, yekəxana təsiri bağışlayırsan. Lakin bir-birimizi tanıdıqdan sonra fikrində yanıldığı ortaya çıxır.

- Türkiyədən Azərbaycana qayıtmaq çətin deyil?
- Vətənimə dönürəm. Buna görə heç vaxt çətinlik çəkməmişəm. Başqa ölkəyə getsəydim, adaptasiya ilə bağlı çətinlik yaşaya bilərdim.

- Bəs Türkiyə yığmasında oynamaqla bağlı təklif almışdınız?
- U-21-də oynamağa dəvət etdilər. Ancaq razılaşmadım. Ordan əsas yığmaya düşmək daha asan idi. Azərbaycanı seçdim, buna görə də peşman deyiləm.

- Çox narazı görsənirsiniz?
- Narazı deyiləm. Sadəcə, legioner həyatı yaşamışam, Azərbaycanın bayrağını qaldırmışam, bunu unutmaq düzgün olmazdı. “Xəzər Lənkəran”da da qala, daha artıq məbləğ qazana bilərdim. Hələ 24 yaşım var. Görəcəyim işlər çoxdur. Hələ heç nə etməmişəm.

- Əyləncə mərkəzlərinə gedirdinizmi?
- Xeyr. Heç yaşadığım şəhərlərdə belə yerlər demək olar, yox idi. Orda atdığın hər addımı izləyirdilər. Dərhal mətbuata çıxarırdılar.

- Şəxsi həyatınla bağlı nə deyə bilərsiniz?
- Bu il subaylığın daşını atmaq istəyirəm. Artıq evlənəcəyim xanımı müəyyənləşdirmişəm.

- Şəhərə çıxanda sizi tanıyırlarmı?
- Bəli, onlar da yaxınlaşıb kənardan yekəxana görsəndiyimi deyirdilər.

- Geyiminlə də seçilirsiniz. Əsasən, Türkiyə istehsalı olan geyimlərə üstünlük verirsiniz.
- Ola bilər. Həm də əvvəllər saçım uzun idi. İndi keçəlləşmə gedir.

- Qarşıdan Novruz bayramı gəlir. Bu bayramla bağlı hansı xatirələrin var?
- Əvvəllər Əhmədlidə yaşayırdım. Papaq atmadığımız qapı qalmamışdı. Həm də gənc yaşlarımda Türkiyəyə getdim. Orda isə bu bayramı elə də yüksək səviyyədə qeyd etmirlər. Bakıda olan vaxt taxta oğruluğuna gedirdik. Çünki axşam tonqal qalamalı idik.

- Hansı bayramı daha çox xoşlayırsınız?
- Bütün bayramlarımızı yüksək səviyyədə qeyd etməyə çalışıram.

- Sevincinizi-kədərinizi kiminlə bölüşürsünüz?
- Ailə qurmağa hazırlaşdığım insanla.

- Ondan lazımı dəstəyi ala bilirsinizmi?
- Ailəm hər zaman məni dəstəkləyib.

- Daha çox nədən narazısınız?
- İnsanlara dəyər verilməməsindən. Bəzən insanların haqqı yeyilir.

- Özünüzü o sıradan sayırsınızmı?
- Bəli.

- Unudulmaqdan qorxmursunuz?
- Unudulmaq deməyək. İstəyirəm ki, futboldan gedəndən sonra yaxşı əməllərimə və oyunuma görə xatırlanım. Tanıyanlar deməsinlər ki, sən pis insansan. Salam versinlər.

- Geyim seçərkən qiymətinə diqqət yetirirsinizmi?
- Çox bahalı geyimlər almıram. Əsas odur ki, zövqümə uyğun gəlsin.

- Ən bahalı paltarınızı neçəyə almısınız?
- 700 manata şalvar almışdım, amma həmin gecə yata bilmədim. İsrafçılığa yol vermişdim. İndi də geyinirəm.

- Arzularınız nədir?
- Ən böyük arzum sevdiyim insanlarla birgə gülərüz həyat keçirməkdir.

- Türkiyədə qız dostlarınız çox idi?
- Demək olar 1-2 ildir hamısı ilə əlaqəmi kəsmişəm. Amma əvvəllər çox idi.