Elnur Abdullayev: AZAL-la matçın nəticəsi bizim üçün sürpriz oldu
14.03.2011 - 10:51
Elnur Abdullayev: AZAL-la matçın nəticəsi bizim üçün sürpriz oldu
“Nəticə bizim üçün sürpriz oldu. İmkanlarımız olsa da, təəssüf ki, istifadə edə bilmədik. Futbolda hər şey ola bilər. Ağır oyunlar keçirdik. Ola bilsin, yaxşı hazırlaşa bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib.

Əyalət təmsilçisinin əsas simalarından olan futbolçu məğlubiyyətin gözlənilməz olduğunu söyləməklə yanaşı, bunun səbəbini də izah edib. Sən demə, əsas çatışmazlıq Kamran Ağayevlə Uinston Parksın olmamağı imiş: “Heyətlə bağlı problemlərimiz var idi. Qapıçının səhvi üzündən qapımızda qol gördük. Kamranın yoxluğu hiss olundu. Eləcə də Parksın yeri görsənirdi”.

Əvəzlənməsinə gəldikdə, Abdullayev bunun baş məşqçinin qərarı olduğunu vurğulayıb: “Oyunun gedişində zədələnmişdim. Həm də əvəzlənməm baş məşqçinin qərarı idi”.

Növbəti turda “Neftçi” ilə qarşılaşacaq əyalət təmsilçisi artıq rəqibləri arasında seçki aparmır. Belə ki, əyalət təmsilçisi bütün matçlara final qarşılaşması kimi yanaşır: “Altılıq”da keçirəcəyimiz oyunların hamsı final matçıdır. Rəqiblər arasında ayrı-seçkilik aparmırıq. Hər bir oyuna eyni hazırlaşacağıq”.