Daha bir futbolçu meydanda huşunu itirdi
14.03.2011 - 17:42
Daha bir futbolçu meydanda huşunu itirdi
Almaniya çempionatında xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, II Bundesliqanın oyunu zamanı futbolçulardan biri huşunu itirərək, yerə yıxılıb.

Hadisə “Osnabryuk” – “Enerji” matçında qeydə alınıb. Rəqib futbolçu ilə toqquşan Flamur Kastrati yerə sərilib. Oyunçuların başlarının bir-birinə dəyməsi nəticəsində “Osnabryuk”un futbolçusu təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Ağır beyin silkələnməsi olan Flamurun boyun nahiyəsində də ciddi zədə var. Bu hadisədən 12 dəqiqə sonra matç davam etdirilib. Lakin hər iki komandanın üzvləri meydanın mərkəzində bir-birinə ötürmə edərək, qarşılaşmanı yola veriblər.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/4 finalının “Neftçi” ilə oyunu zamanı “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev də toqquşma nəticəsində zədələnmişdi. Almaniyadakından fərqli, huşunu itirən qolkiper matçı davam etdirməyə güc tapmışdı.
0