Kaxaber Sxadadzenin vaxtında belə şey olmamışdı
14.03.2011 - 19:00
Kaxaber Sxadadzenin vaxtında belə şey olmamışdı
“İnter” klubu gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin dövründə antirekorduna imza atıb. Apasport.az saytının hesablamalarına görə, “bankirlər” 2009-cu ilin iyununda çalışdırıcısı olan Sxadadzenin vaxtında ilk dəfə çempionatda ardıcıl iki məğlubiyyət alıb. Özü də bunların hər ikisi evdə 2 top fərqi ilə olub.

“İnter” təsnifat mərhələsinin son turunda “Şəfa” stadionunda “Xəzər Lənkəran”a 1:3, “altılığ”ın debütündə “Qarabağ”a 0:2 hesabı ilə uduzdu. Ümumiyyətlə, klubun 2004-cü ilin iyulundan “İnter” adı ilə başlayan tarixində ardıcıl 2 məğlubiyyət çox az olub.

Göründüyü kimi, komanda hazırda “uğursuzluq zolağı”nda olsa da, ilə çox yaxşı başlamışdı. Bu da yanvarda Sankt-Peterburqda “Birlik kuboku”nun qalibi olmasıdır. Özü də bu, nəinki məğlubiyyətsiz, hətta qol buraxmadan olmuşdu. Ancaq “İnter”in müdafiəsi daxili yarışlarda inamsız təsir bağışlayaraq, 2 oyunda artıq 5 qol buraxıb.

Əslində, burada bir məqama diqqət yetirmək lazımdır. Yəni “Birlik kuboku”nun “köhnə xəstəliy”i “İnter”dən də yan keçmədi. Klublarımız hazırlıq planlarında mənfi təsir göstərən Rusiyadakı turnirdən qayıtdıqdan sonra daxili yarışlarda “uğursuzluq zolağı”na düşürlər. Bu problem indi “bankirlər”də özünü göstərir. Nəticədə lider “Neftçi”dən 11 xal geri qalan “İnter”in çempionluq titulunu qoruması çox çətin məsələdir.

Üstəlik, qış fasiləsində “Xəzər Lənkəran”dan icarəyə götürülən keçmiş futbolçusu Asif Məmmədovu nəzərə almasaq, yeni transfer etməyi lazım bilməyən paytaxt klubunun futbolçularında fiziki problemlər, yorğunluq öz sözünü deyir.

Qeyd edək ki, bu, Sxadadzenin “İnter”in sükanı arxasında 17-ci məğlubiyyəti oldu. Bunlardan 13-ü çempionatda, 1-i kubokda, 3-ü avrokuboklarda alınıb. Gürcü çalışdırıcı “bankirlər”də debütü sonuncu turnirdə olub. Komandamız 2009-cu ilin iyulunda onun rəhbərliyi altında Avroliqanın I təsnifat mərhələsində Slovakiyanın “Spartak” klubu ilə bir həftədə keçirdiyi oyunların hər ikisində uduzdu (səfərdə 1:2, evdə 1:3).

Mehman SÜLEYMANOV
0