Kapitanın “üçlük” sevdası
16.03.2011 - 00:02
Kapitanın “üçlük” sevdası
“Səhv etmirəmsə, “Qarabağ”ı sonuncu dəfə biz məğlub etmişdik. Onların seriyasını da biz qıracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

Cəzalı olduğu üçün final mərhələsinin ilk turu çərçivəsində “Xəzər Lənkəran”la keçirilən oyunda meydana çıxmayan müdafiəçi “Qarabağ”a qarşı forma geyinəcək. Təbii ki, mükafatlar uğrunda mübarizənin həlledici mərhələsinə uğurlu start verən paytaxt təmsilçisi birgünlük istirahətin ardından bu gün məşqlərini bərpa edəcək. Kapitan qələbə ilə başlamalarının komandaya müsbət təsirinin olacağına əmindir: “Altılıq” oyunlarına qələbə ilə başlamağımız yaxşı oldu. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bunun üçün də xallar qazanmalı, turnir cədvəlində irəliləməliyik. Bu qələbənin psixoloji duruma müsbət təsir göstərəcəyini deyə bilərəm”.

Komandasının irəlidə gedən klublarla xal fərqini aradan qaldıracağına inanan müdafiəçi harada oynamalarından asılı olmayaraq, meydana bir məqsədlə çıxacaqlarını bildirib: “Finişə ilk “üçlük”də çatmalıyıq. Buna nail olmaq istəyirik. Harada oynamağımızdan asılı olmayaraq, qələbə üçün meydana çıxacağıq. Bu tur səfərdə oynamağımıza baxmayaraq, istədiyimiz nəticəni qazanacağımıza inanıram”.
0