Ruslan Abışov: Ölkə kubokundakı məğlubiyyətin əvəzini çıxmalıyıq
16.03.2011 - 10:41
Ruslan Abışov: Ölkə kubokundakı məğlubiyyətin əvəzini çıxmalıyıq
“Hamımız fikrimizi qarşıdakı görüşə yönəltmişik. Təbii ki, Lənkəranda oynayacağımıza baxmayaraq, qələbə haqda düşünürük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Ruslan Abışov deyib.

Final mərhələsinə “Bakı” üzərində qələbə ilə başlayan “ağ-qaralar” 2 gün sonra ölkə kubokunda yenildiyi “Xəzər Lənkəran”la qarşılaşacaq. Əzəli rəqiblərin dueli hər zaman maraqla gözlənilib. Cari mövsümdə 4 dəfə üz-üzə gələn komandaların qarşılaşmalarının ikisində əyalət təmsilçisi qələbə qazanıb, digər ikisi isə heç-heçə başa çatıb.

Maraqlıdır ki, turnir cədvəlinə başçılıq edən “Neftçi”ni də ölkə kuboku uğrunda yarışdan məhz “ağ-yaşıllar” kənarlaşdırıb. İndi paytaxt təmsilçisi revanş almaq niyyətindədir: “Ən əsası ölkə kubokundakı məğlubiyyətin əvəzini çıxmalıyıq. Onlara qarşı hansısa sindromun yarandığını demək olmaz. Əksinə, biz rəqibdən daha yaxşı oynadıq. Sadəcə, nəticə qazana bilmədik”.

Digər rəqiblərin çıxışı haqda danışmaq istəməyən Abışov əsas “Neftçi”nin oyununun uğurlu alınmasını qabardıb: “Kimin udub-uduzması bizi maraqlandırmır. Əsas “Neftçi”nin öz oyunudur. Xal itirməsək, heç kim bizə çata bilməz”.