Hakimlər Komitəsinin sədrindən ekspert olmaz!
16.03.2011 - 11:53
Hakimlər Komitəsinin sədrindən ekspert olmaz!
Xaqani Məmmədovun Babək Quliyevi əvəzləməsi nəyi dəyişib?

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov vaxtilə FİFA referisi olub. Elə bu səbəbdən onun oyun qaydalarını incəliklərinə kimi bilməsinə qətiyyən şübhəm yoxdu. Ümumiyyətlə, Xaqani bəy özünü bu sənətə sərf edib və ən üstün cəhəti odu ki, bütün yeniliklərdən vaxtında xəbər tutur, FİFA-nın tövsiyyələrini və qayda dəyişikliklərini həmən işində istifadə etməyə çalışır.

Son vaxtlar mətbuatda Məmmədovun "hakimbaşı" və s. ləqəblərlə adlandırılmasını etik cəhətdən düzgün hesab etmirəm. Həmkarlarımın fikrinə hörmət etməklə yanaşı buna şəxsiyyətin alçaldılması kimi yanaşıram. Zənnimcə, daha sivil tənqidlə də fikirlərini çatdırmaq olar.

Bu yazını qələmə almağıma "Xəzər" TV-də yayınlanan "Futbol saatı" verilişinin son buraxılışı səbəb oldu. Həmkarım və dostum Emin Abbasovun təqdimatında efirə gedən verilişdə ən azı teleməkandakı monotonluq pozulur, tamaşaçılara fərqli bir şey göstərməyə cəhd edilir. Və bir çox hallarda bu, mümkün olur.

Ancaq doğrusu, mənim üçün ən xoşagəlməyən məqam verilişə ekspert kimi çağırılan qonaqlardı. Ürfan Məmmədli orada artıq adam deyil. Əksinə, obyektivliyi baxımından efirin məhz belə ekspertlərə ehtiyacı var. Aslan Kərimov da öz sözü, fikri olan insanlardandı. Ancaq yığmamızın sabiq müdafiəçisi zənnimcə, bəzi məqamlarda heç də sözünü tam deyə bilmir. Əvvəla, ona görə ki, o hələ də "Qarabağ"ın oyunçusudu, karyerasını bitirməyib. Belədə onun dilindən Ağdam klubuyla bağlı tənqidi fikir eşitmək mümkünsüzdü. Bundan başqa, indi klublarımızda məşqçi və futbolçu kimi karyerasını davam etdirən bir sıra şəxslərlə dünənədək bir paltardəyişmə otağını bölüşən Aslan bəzən obyektivliyini qoruya bilmir.

Ancaq təbiiki, əsas anormallıq məhz Xaqani Məmmədovun "Futbol saatı"nda olmasıdı. Heç yerdə görünməyib ki, hakimləri, klubları məhz Hakimlər Komitəsinin sədri mühakimə etsin. Təbii ki, vaxtilə həmkarımız olduğundan Xaqani bəy jurnalist bacarığından, bu peşənin manevr imkanlarından əla istifadə edir, öz işçilərinin səhvlərini gizlətməyə çalışır. Sadəcə, "Bakı" - "Neftçi" oyununda olduğu kimi o qədər aşkar səhv olmalıdı ki, Məmmədov hakimin səhv etdiyini boynuna alsın.

Əslində, Xaqani bəy son verilişdə Əfqan Həmzəyevin bu səhvinə də hardasa bəraət qazandırmağa çalışdı. Belə ki, o, günahın baş hakimdə deyil, köməkçisində olduğunu yeritməyə çalışdı. Ancaq hörmətli sədr də bilir ki, istənilən halda səhvə görə briqadanın rəhbəri cavabdehdi və Həmzəyev hətta bu epizodu görməsə, yan xətt hakim bayraq qaldırmasa belə olayın ciddiliyini anlayıb onunla məsləhətləşməyə getməliydi. Yəni yanaşma düzgündü, ancaq Məmmədov bu səhvi Həmzəyevin boynundan götürməyə çalışması gülünc görünürdü.

Elə bu kimi məqamları nəzərə alaraq komitə sədrinin hansısa verilişdə ekspert kimi çıxış etməsini yolverilməz hesab edirəm. Doğrusu, heç "Futbol saatı"nın əvvəlki komandası da ideal seçilməmişdi. Bu ildən efirdən uzaqlaşdırılan Kamal Quliyev də Aslanın üzləşdiyi problemləri yaşayırdı. Yəni o da bəzi məqamlarda dost-tanışla üz-göz olmamağa cəhd edir, birmənalı olaraq legionerləri tənqid hədəfi seçir, xüsusilə yerli məşqçiləri layiq olmadıqları halda da tərifləyirdi.

Babək Quliyev ekspert kimi çox yaxşı idi. Ancaq ona da mane olan şəxsi prinsipləri idi. AFFA-nın indiki rəhbərliyi tərəfindən hakimlikdən qovulan biri kimi Babək bəy hər fürsətdə, yeri gəldi-gəlmədi tənqidi fikirlər səsləndirirdi. Onun pafoslu çıxışı, hətta qatığa da qara deməsi sıravi tamaşaçıda qıcıq doğururdu. Elə bu səbəblərdən həmin komanda da ideal deyildi.

Televiziyonçu dostlarıma göstəriş vermək həddim deyil, amma bəzi məsləhətlərimi zənnimcə, nəzərə alarlar. Ürfan Məmmədli yaxşı seçimdi, Aslan Kərimov və Kamal Quliyevi də yola vermək olar. Ancaq bu iki futbolçudan daha cəsur davranan birini axtarmaq lazımdı. Babək Quliyev və Xaqani Məmmədov isə ikisi də yolverilməz seçimlərdi. Babək bəy çılğın, daha çox rəqiblərini "vurmaq" istəyən, əksər hallarda obyektivliyini qoruya bilməyən müxalifətçidisə, Məmmədovun AFFA-da tutduğu post onun personasına münasibətdə ikili fikir yaradır. Xaqani bəy bütün səhvləri dilə gətirsə, komitədə özünün gördüyü iş gözdən düşər, olanları pərdələməyə çalışdıqda isə tamaşaçı kütləsində verilişə olan maraq, inam, etibar azalır. Bu səbəbdən neytral şəxslər seçmək lazımdı: onlar sabiq, ancaq qərəzli danışmayan hakimlər də ola bilər, "təmizliyinə" şübhə etmədiyimiz, əsl obyektivlik nümayiş etdirən jurnalistlər də. Ola bilər qələm əhli epizodları bu işin ustası olan Xaqani bəy kimi dəqiq analiz edə bilməyəcək, ancaq heç olmasa gördüyünü ən yaxşı şəkildə dilə gətirəcək, qərəz olmadan.

Ancaq bir şey dəqiqdi: Hakimlər Komitəsinin sədrindən ekspert olmaz. Məmmədov heç vaxt öz ayranına turş deməz.

VÜSAL, “Ekspressfutbol” qəzeti
0