Lənkərana gələrsənmi, Xəqani Məmmədov?
18.03.2011 - 00:12
Lənkərana gələrsənmi, Xəqani Məmmədov?
17 gün ərzində ardıcıl üçüncü dəfə ölkənin ən böyük derbisinə şahidlik edəcəyik. Bu o derbidir ki, Anar Salmanov bir neçə gün öncə yüz minlərlə insanın gözü qabağında matçın gözəlliyinə ləkə vurmuşdu, matçı izləyənlərin hissiyyatı ilə oynamışdı. Bu o derbidir ki, Xəqani Məmmədov çıxıb efirdə Salmanovu müdafiə etmək üçün Novruz bayramında süfrələrimizi bəzəyən yumurtaların rəngində yalanlar danışmışdı.

Bilirsinizmi, bu hansı derbidir - Əfqan Həmzəyevin qələmini, özünü nə bilim daha nəyini itirdiyi matçın növbəti qarşılaşmasıdır. İndi Hakimlər Komitəsi bu matça hakim təyin etmək üçün neçə gündür baş sındırır, tərslikdən Xəqani Məmmədov da çətin durumdadır. Normal hakim tapmaq bir yana, növbəti səhvləri şərh edərkən də yeni yalanlar lazımdır.

Məsələn daha bu ölkədə “top əli tapdı, əl topu tapdı” nağılına heç baxça uşaqları da qulaq asmır, “təmas vardı” deyəndə, hamı sərhədlərimizdəki təmas xəttini düşünür. Xəqani bəy “yox bu səhv baş hakimin yox, yan hakimindir” deyəndə, bütün azarkeşlər həmin yan hakimin Mozambikdən gəldiyini zənn edir. Amma sonra baxıb görürlər ki, yox, bu yan hakim elə Xəqani bəyin yetirməsidir.

Üstəlik, Antalyada keçirilən məşğələlərdə yuxulayan, Xəqani bəyin mühazirələrinə qulaq asıb sonra ayaqyoluna tələsən hakimdir. Deməyə, xalqı aldatmağa Azərbaycan adlı ölkənin rəsmi dilində nə qədər söz, ifadə birləşməsi varsa Xəqani Məmmədov hamısından istifadə edib. Ən pisi, Rauf Mehdiyev Jabanı “ Görüş” kinosunda Kamilin motosikleti ilə suya şıppıltı ilə düşdüyü formada yerə sərəndə, Xəqani bəy yalanın ən böyüyünü danışıb. O yalana bizlər “yalanın od tutsun yansın” deyirsə, özbəklər də buna oxşar nəsə deyir. İndi olmadı belə, oldu belə, bu günkü matçda da hakim hansısa səhvlər etdi, onda necə olacaq?

Yalanlar qurtarıb, Məmmədov. Gəlin, sizə bir məsləhət verim. Çətinə düşəndə “mən də jurnalist olmuşam” deyirsiniz. Belədirsə, qoy həmkar məsləhəti olsun. Gəlin Lənkərana! Qorxularınıza qalib gəlin, elədiklərinizdən dolayı uzaq düşdüyünüz Lənkəran şəhər stadionunda baş tutacaq futbol bayramında iştirak edin. Belə atmosfer bu ölkədə yalnız Lənkəranda olur. Gəlin və hakimlər briqadasına doğru-düzgün təlimatlar verin.

Bir quru “çox sag ol” üçün kişiliyin, əqidənin, ədalətin itməsinə imkan verməyin. Qoy bir dəfə də ədaləti təmsil edənlər ədalətin yanında olsun, güclü qalib gəlsin. Siz də bazar ertəsi daha yalan danışmağa, hakim səhvlərini ört-basdır etməyə gərək duymazsınız. Siz də gecə arabaçı Mirzə kişi kimi rahat yatarsınız, axı o vicdanlı kişinin yalan danışdığı, kiməsə kiminin “evinin yıxmasını” tapşırdığını biz lənkəranlılar eşitməmişik. Hər şey çox sadə və bəsitdir. Bircə bunu həyata keçirmək gərəkdir. Lənkərana gələrsinizmi, Xəqani Məmmədov?

Hüseyn CƏBRAYILOĞLU